Məhkəmə qərarları › İş №2(016)-317/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-317/2024

13.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-317/2024 13.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X26 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh2 və Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakının yenidən bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh2 və Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakının yenidən bölünməsi" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şamaxı regional “ASAN Xidmət” Mərkəzi notariat kontorunda № 2V-1007 ilə qeydə alınmış 07 noyabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsini və valideynlərindən qalmış miras əmlakın Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yenidən bölünməsini xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, ataları X16 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. X2 2003-cü ilin mart ayının 2-də vəfat etmişdir. Valideynlərindən onlara ünvan 1 ünvanında yerləşən cəmi 8 sot torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 57.9 kvm olan fərdi yaşayış evi qalmışdır. Atalarının vəfatından sonra İddiaçı1 təxminən 4 il həmin evdə yaşamış, sonra isə işləri ilə əlaqədar Sumqayıt şəhərinə köçmüşdür. Atalarından qalan miras əmlakının bir qismini (qab-qacaq, xalça) götürsələr də torpağa və evə dair heç bir tədbir görməmişlər. Sonradan xəbər tutmuşlar ki, vəfat etmiş qardaşları X4 həyat yoldaşı Cavabdeh2 özbaşına atalarından qalan miras əmlakını mənimsəyərək özəlləşdirməyə cəhd edib. Belə ki, İddiaçı4 21 noyabr 2023-cü ildə ata evində olarkən tanımadığı şəxslərin torpaq üzərində ölçü işləri apardığını görüb, onların nə işlə məşğul olduğunu soruşduqda isə yuxarıda qeyd olunan hal üzə çıxmışdır. Məhkəmənin diqqətinə çatdırırlar ki, onlar - yəni iddiaçılar miras əmlakının bölünməsinə dair rəsmi dövlət orqanlarına və notariat kontoruna müraciət etməsələr də faktiki olaraq miras əmlakının bir qismini götürdükləri üçün mirası qəbul etmişlər. Buna görə də Cavabdeh2 özbaşına valideynlərindən onlara qalan əmlaka sahiblik eləməsi və ələ keçirməyə çalışması yolverilməzdir. Digər cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzi notariat kontoru isə ona təqdim edilmiş saxta sənədlər əsasında vərəsəlik işi açaraq iddiaçıların hamısına və mərhum qardaşlarına aid torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini 100% həcmdə mərhum qardaşları X4 qanuni varisi kimi Cavabdeh2 verməklə onların hüquqlarını kobud surətdə pozmuş və qanuni əmlaklarından məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, ailə üzvlərindən kimsə valideynlərindən miras qalmış əmlakın mərhum qardaşının ailə üzvlərinə verilməsinə dair hər hansı sənəd imzalamamışdır. Həmin şəhadətnamə saxtalıqla əldə edilmişdir. Hazırda qardışının adına olan əmlakın qardaşının ailəsinə verilməsinə dair qanunsuz şəhadətnamə verilmişdir. Odur ki, şəhadətnamənin ləğv edilməsini xahiş etdi. İddiaçı3 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, ailədə dörd övlad olmuşlar. Həmin övladlar olduğu halda valideynlərindən qalmış miras əmlaka qarşı tərəf sahib olmuşdur. Rəhmətlik qardaşına düşən pay övladlarının, digər hissələr isə onlara çatmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, atası övladlarından kimsəyə vərəsəlik verməmişdir. Qəfil vəfat etmişdir. Hər hansı hərəkətin yerinə yetirilməsi üçün də səlahiyyət verməmişdir. Cavabdeh onlardan xəbərsiz, qanunsuz olaraq torpağı adına rəsmiləşdirmişdir. Əslində hər birinin evi, şəraiti vardır. Lakin bu sənədləşmə onların razılığı alınmadan edilmişdir, ona görə də qanunsuzdur. Odur ki, şəhadətnamənin ləğv edilməsini xahiş etdi. İddiaçı2 xx.xx.2024-cü tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, atası övladlarından kimsəyə vərəsəlik verməmişdir. Qəfil vəfat etmişdir. Hər hansı hərəkətin yerinə yetirilməsi üçün də səlahiyyət verməmişdir. Cavabdeh onlardan xəbərsiz, qanunsuz olaraq torpağı adına rəsmiləşdirmişdir. Əslində hər birinin evi, şəraiti vardır. Lakin bu sənədləşmə onların razılığı alınmadan edilmişdir, ona görə də qanunsuzdur. Odur ki, şəhadətnamənin ləğv edilməsini xahiş etdi. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X18 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, cavabdeh onun anasıdır. JN-057F, Kod 40901004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə atası X4 mülkiyyətində 0,07 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli qərarı ilə verilmişdir. Atası 14 may 2016-cı ildə vəfat etmişdir. Vəfat etdikdən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması üçün cavabdeh notariat ofisinə müraciət etmiş, cavabdehə atasından miras qalmış daşınmaz əmlakdan tam hissədə pay almasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Özü və bacısı anasının xeyrinə əmlakdan imtina etmişlər. Proses tam hüquqi qaydada, qanunla həyata keçirilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X16 ilə X11 arasında nikah xx.xx.1961-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. - Ağsu rayon VVAQ Bürosu tərəfindən 21 iyul 1962-ci ildə verilmiş AZ-177858 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 1961-ci ildə Ağsu şəhərində anadan olmaqla atası X16, anası X13r. - Ağsu rayon VVAQ Bürosu tərəfindən 21 iyul 1962-ci ildə verilmiş AZ-177859 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 1962-ci ildə Ağsu şəhərində anadan olmaqla atası X16, anası X13r. - Kürdəmir rayonunun Ağsu qəsəbəsi tərəfindən 24 yanvar 1964-cü ildə verilmiş AZ- 590789 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx xxxxxx 1964-cü ildə Ağsu şəhərində anadan olmaqla atası X16, anası X13r. - Ağsu rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X7 arasında nikah xx.xx.1990-cı ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 192 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 02 noyabr 1994-cü il tarixdə Ağsu şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 noyabr 1994-cü il tarixdə 99 nömrə ilə qeydiyyat aparılmışdır. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 03 mart 2003-cü il tarixdə Ağsu şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 mart 2003-cü il tarixdə 39 nömrə ilə qeydiyyat aparılmışdır. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə Ağsu şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 140 nömrə ilə qeydiyyat aparılmışdır. - J№-057F, KOD 40901004 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X8 Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə üçün 0,07 ha torpaq sahəsi verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 57,90 kv/metr fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusu əsasında Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-1007 nömrəli reyestrlə qeyd edilmiş xx.xx.2016-cı ildə vəfat etmiş X3 miras qalmış əmlak üzrə açılmış vərəsəlik işinə dair toplanmış notariat sənədlərindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi – ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalı olması Şamaxı regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə X4 mülkiyyətinə fərdi yaşayış evi, həyətyanı sahə üçün 0,07 ha torpaq sahəsi verilmiş, bu barədə J№-057F, KOD 40901004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həyətyanı sahənin qaiməsində ümumi sahə 700, kv/m., tikinti altı 80,6 kv/m., yaşayış evi 43,4 kv/m. və başqa tikililər 37,2 kv/m. qeyd edilmişdir. Bundan sonra ünvan 2 ünvanında yerləşən 57,90 kv/metr fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır. X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X4 ölümündən sonra miras qalmış əmlak – 57,90 kv.metr fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə 2V-1007 nömrəli reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 mülkiyyətinə qeydə alınmışdır. X1 qardaş və bacıları məhkəmədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixli 2V- 1007 nömrəli reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini və valideynlərindən qalmış miras əmlakın Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yenidən bölünməsini xahiş etmişlər. Cavabdeh tərəf də vərəsəlik şəhadətnaməsində göstərilən əmlakın X4 xüsusi mülkiyyətində olduğunu və xx.xx.2023-cü il tarixli 2V-1007 nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanuna uyğun verildiyini, bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçılar ünvan 2 ünvanında yerləşən 57,90 kv/metr fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsinin valideynləri X16 və X12 xüsusi mülkiyyətində olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçılar iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçılar ünvan 2 ünvanında yerləşən 57,90 kv/metr fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsinin valideynləri X16 və X12 xüsusi mülkiyyətində olmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bunun əksi olaraq cavabdeh tərəf Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə J№-057F, KOD 40901004 olan şəhadətnaməyə əsasən X4 mülkiyyətinə fərdi yaşayış evi, həyətyanı sahə üçün 0,07 ha torpaq sahəsinin verilməsini, bundan sonra ünvan 2 ünvanında yerləşən 57,90 kv/metr fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə X4 adına qeydiyyata alınmasını məhkəmə araşdırması zamanı sübut etmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, X14 xx.xx.2016cı il tarixdə vəfat etmişdir. Bundan sonra vərəsəlik işi açılmışdır. X4 vərəsləri Cavabdeh2, X15 və X18 mirası qəbul etmişlər və X15 ilə X18 miras qalmış əmlakı anaları Cavabdeh2 bağışlamışlar. Vərəsəlik işi üzrə xx.xx.2023-cü il tarixli 2V-1007 nömrəli reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 vərəsəsi olan Cavabdeh2 (arvadı) miras əmlakdan - ünvan 2 ünvanında yerləşən 57,90 kv/metr fərdi yaşayış evindən və 0,07 ha torpaqdan tam hissədə pay almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunveciliyin tələblərindən də görünür ki, X4 uşaqları və həyat yoldaşı onun birinci növbədən vərəsələridir. Yəni onların hər birinin əmlakdan bərabər pay almaq hüququ vardır. Məhkəmə hesab edkir ki, bütün vərəsələr miras əmlakı ilə bağlı fikir bildirmiş, bunun üçün notariat ofisinə müraicət edərək miras əmlakın qəbuluna dair müəyyən hərəkətlər etmişlər. Beləliklə Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 vərəsələrinin miras payı müəyyən edilərkən hər hansı qanun pozuntusuna yolverilməmiş və iş üzrə əhəmiyyətli olan hallar nəzərə alınmışdır. Göründüyü kimi miras əmlakı MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsələr arasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada bölünmüşdür. Birinci növbə vərəsələrin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Eyni zamanda Məhkəmə qeyd edir ki, miras əmlak qanunvericiliyin tələbinə uyğun olaraq birinci növbə vərəsələr arasında bölündüyündən və birinci növbə vərəsələrin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən və iddiaçılar mərhum X4 xüsusi mülkiyyətində olan əmlakın onların atalarından miras qalma əmlak olmasını təsdiq edən sübutu məhkəməyə sübut edə bilmədiklərindən hazırki iddia tələbi ilə iddiaçıların məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən cəmi 8 sot torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 57.9 kvm olan fərdi yaşayış evinin iddiaçıların ataları X16 və X2ndan miras qalması və həmin əmlakın heç bir qanuni əsas olmadan qardaşları X4 xüsusi mülkiyyətinə verilməsini məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən və X4 xüsusi mülkiyyətində olan əmlak qanunvericiliyin tələbinə uyğun olaraq birinci növbə vərəsələr arasında bölündüyündən və birinci növbə vərəsələrin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçıların iddia qaldırmaq hüququ yoxdur. Hazırda iddiaçılar ünvan 1 ünvanında yerləşən cəmi 8 sot torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 57.9 kvm olan fərdi yaşayış evinin iddiaçıların valideynlərinin xüsusi mülkiyyətində olması və həmin əmlakın heç bir qanuni əsas olmadan qardaşları X4 xüsusi mülkiyyətinə verilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 “Şamaxı regional “ASAN Xidmət” Mərkəzi notariat kontorunda № 2V-1007 ilə qeydə alınmış 07 noyabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi və valideynlərindən qalmış miras əmlakın Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yenidən bölünməsi” tələbini irəli sürsələr də, mübahisə predmeti olan əmlakın iddiaçıların valideynlərinin xüsusi mülkiyyətində olması faktı təsdiqini tapmadığından və mübahisə predmetinin X4 xüsusi mülkiyyəti olduğundan nəticə etibarı ilə iddiaçıların birinci növbədən vərəsəsi kimi mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur və onlar göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məh kəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki işə irəli sürülmüş tələblər üzrə baxılmalı və iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh2 və Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakının yenidən bölünməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh2 və Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakının yenidən bölünməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar