Məhkəmə qərarları › İş №2(016)-368/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-368/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-368/2023 02.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Babazadə Qurban ilqar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azəriqaz X2 RQİİ Ağsu XS tərəfindən istifadəmdə olmuş sayğacı ilə əlaqədar qaz istehlakçıları kimi əsassız və qanunsuz olaraq mənim adıma qazdan istifadə qaydalarını pozmağıma görə hesablanmış 8640 m3 qaz itgisinin ləğv edilməsi və bununla əlaqədar bir gün ərzində 8-10 saat radiatorun və bir ədəd qaz plitəsinin işləməsinin sərfıyyatını nəzərə almaqla sayğaca ödənmədən tutulmanın geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hamı kimi o da qaz istehlakçısıdır və sayğacları da hamınınkı kimi küçədə - hasarın çölündə quraşdırılmışdır. Ötən il sayğacı mexaniki üsulla işləyənlərdən idi, yəni smartkart sistemi ilə deyil, hər ay nəzarətçi gəlib yoxlayıb,işlətdiyimiz qazın miqdarını qeydə alıb bizə ödənmə qəbzi verirdi və bunun əsasında poçta ödənmə edirdim. Qaz İstismarı İdarəsinin sayğaclara nəzarət edən işçisi hər ayda aylıq belə edirdi. Heç vaxtı sayğacla əlaqədar nəzarətçidən irad ona bildirilməmiş və ya çatdırılmamışdır. Günü dəqiq yadımda deyil,təxminən 2-3 ay bundan əvvəl sayğacımız dəyişdirilmişdir. 2-3 gün bundan əvvəl 8640 m3-lik qaz itkisi barədə cərimə sənədləri göndərilmişdir. O, bu sənədləri götürüb Qİİ-nin rəisinin qəbuluna gedib və bunun qanunsuz olduğunu izah etmiş, o da ona bildirib ki, aparsın ərizə versin məhkəməyə və məhkəmə qaydasında silinər. Həmin idarədən ona xx.xx.2022-ci il tarixli ARDNŞ-nin “Azəriqaz” İB-nin Qaz sayğacının yoxlanması barədə MSK -14-2-2/3-5-878-1 nömrəli, həmin tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Aktlar, həmin tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” və xx.xx.2022-cti il tarixli ,X3-16- 00366/13 nömrəli “Qaz paylacısi ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqısı Müqaviləsi” olan sənədlər və 13 01.2023-cü il tarixli “Qaz sayğaclarının çıxarılması,quraşdırılması və istismara qubulu “ haqqında 44891758 saylı akt təqdimetmişdi.ARDNŞ-nin “Azəriqaz” İB-nin Qaz sayğacının yoxlanması barədə MSK -14- 2-2/3-5 878-1 nömrəli Aktda 62 abonentə aid 1 5-cu sırada onun adına olmuş sayğac nömrəsinin qarşısında yazılmışdır. Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan üç zavod plasmas plombundan biri(alt hissədəki) plomb yuvasının üzərində aşkar olunmadı və plomb yuvasının ətrafında əzikcızıq izləri var.Sayğac istismara yararsızdır. Digər sənədlər də nöqsanlar bu əsas üzrə göstərilmişdir. Göstərir ki, sayğacdan istifadəyə görə barəsində sənədləşdirilmiş 90 gün üzrə 8640 m3-lik qaz itgisi barədə cərimə tam qanunsuz və əsassısdır. Birincisi, göründüyü kimi MSK -14-2-2/3-5-1088-1 nömrəli Aktda 62 şəxsin sayğaclarının 90 faizinə eyni ilə standart nöqsan “ sayğaca müdaxilə” kimi yazılmışdır. Onların siyahısından əlavə Ağsu Qİİ-da əlavə başqa cərimə siyahısı da başqa abonentdə rast gəlmişdir. Orada adamların sayğacına eyni standart nöqsan yazılmışdır. Həmçinin 90 gün üzrə 8640 m3-lik qaz itkisi barədə cərimə yazılmışdır. Axı 2022-ci ilin dekabr ayında nəzarətçi gəlib sayğaca baxıb qaz sərfiyyatı rəqəmini yazıb ona bu haqda özü ödənmə qəbzi vermiş və bunun əsasında tərəfindən poçtda ödənmə edilmişdir. Bu həmin cərimə aktlarının qeyri qanuni olduğunu, saxta yazıldığını təsdiq edir. Dekabr ayında sayğaca hər hansı müdaxilə əlaməti olmuş olsaydı onda aktlaşdırılmış olardı. Hansı ki, belə bir irad olmamışdır. Onu da göstərmişdir ki, onların evində kişi xeylağı yoxdur, sayğacın işləmə prinsipindən məlumatları yoxdur ki, bununla da sayğaca müdaxilə etsinlər. Sayğacda qaz itkisinin yaranması onların məsuliyyətsizlikləri üzündən də ola bilməzdi. Göründüyü kimi 31 yanvarda qaz işçiləri rayonda ən azı 200-300 yüz abonentlərin sayğaclarını yoxlayıb 100 (yüz) abonent barəsində oxşar nöqsan aşkar edib və həmin gündə də aparılıb Bakı şəhərində mütəxəssislər yoxlayıb nöqsanları təşkil edib. Odur ki. məntiqi cəhətdən də bu inandırıcı deyildir, yənu bu qurama iş kimi haradasa çatışmamazlığa vəyisrafçılığa və s. əməllərə görə qəsdən abonentlərə cərimə yazmaqla əvəzlənmə məqsədini güdür. Bu başqa cür izah olunan deyil. İkincisi araşdırılmalıdır ki, necə olur ki, əvvəlki 3 aylardan heç bir abonentin sayğacında heç bir nöqsan olmadığı halda yanvar ayında təxminən 80 abonent “Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan üç zavod plasmas plooıhundan biri plomb yuvasının üzərində aşkar olunmadı və plomb yuvasının ətrafında əzik-cızıq izləri var” qeyri qanuni əməl törətmişlər. Buna hüquqi qiymət verilməlidir. Üçüncüsü məhkəmədən xahiş edir ki, Qİİ-dən sorğu keçirilməklə bir gün ərzində, yəni 31 yanvar 2023-cü il tarixində Ağsu şəhər sakinlərindən aqbonentlərə nə qədər və nə kimi nöqsan yazılması barədə siyahı sorğu edilməklə alınsın və buna yuxarıda göstərdiklərimə əsasən hüquqi qiymət verilsin. Dördüncüsü sayğaca baxış abonentin iştirakı ilə abonent yoxdursa ən azı iki nəfər maraqlı tərəf olmayan şahidlərin iştirakı ilə keçirilməli, sübut kimi fotoşəkli çəkilməli və yerində akt tərtib edilməli, akt oxunmaqla doğruluğu imlarla təsdiq edilməli idi. Bu da edilməmişdir odur ki, yazılan cərimənin əsası yoxdur. Beşincisi, hər ayda azı bir-iki dəfə Qİİ-nin nəzarətçiləri gəlib küçədə quraşdrılmış sayğaclara baxış keçirib gedirlər. Deyilənə görə nəzarətçilər ancaq sayğaclarda nöqsan aşkar etdikləri vaxtlarda sənədləşdirmə aparırlar. Odur ki, məhkəmədən xahiş edir ki, iş üçün əhəmiyyətli olduğundan son 3 ay üzrə yəni, 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları ərzində nəzarətçilərin hansı vaxtlarda gəlib məhlələrindəki onun də daxil olan abonentlərin sayğaclarına baxış etdikləri barədə rəsmi sorğu arayışı alınsın. Əgər həmin aylarda nəzarətçinin yoxlanışı barədə sənəd tərtib edilmədikdə nəzarətsizliklərinə görə cərimələr onların hesabına aid edilməlidir. Altıncısı, barəsində tərtib edilmiş ən əsas qanunsuz sənədlərdən biri də “dəymiş ziyanın bərpasına dair tələbnamədə” dəymiş ziyanın həcminin hesablanması hissəsində göstərilənlərdir. Orada dəymiş ziyanı 90 gün üzrə hesahlamışlar. Sual yaranır ki, yanvar ayından əvvəlki aylarda dekabr, noyabr aylarında axı nəzarətçi şəxsən gəlib sayğaca nəzarət qaydasında baxıb gedib. Hamıdakı kimi, o ayların heç birində nöqsan barədə irad bildirilməmişdir. Bütün bunlar barəsində tərtib edilmiş ziyan aktlarının tam əsassızlığını bir daha təsdir edir. Yeddinci sayğaclar küçədə quraşdırılmışdır, orada kiminsə çızıq, qırıq və s. bu kimi zədə törətməsinə abonent kimi gecə və gündüz qarovul çəkə bilmədiyindən, buna o, cavabdehlik daşımağı da qanunsuzluqdur. Müqavilə də də belə şey yoxdur. Bəlkə küçədən keçənlər bir ay ərzində göstərilən abonentlərin sayğaclarında zədə, çızıq və s. yaratmışlar. Odur ki, bu da araşdırılıb qiymət verilməlidir. Səkkizinci barəsində yazılanların ən qanunsuzluğunu təsdiq edən hallardan biri dəyişdirilib aparılan sayğacının kart ödənməsi üsulu ilə yox, mexaniki üsulla işləyirmiş, hansı ki, hər ay nəzarətçi gəlib sayğaca baxış edib qaz sərfiyyatı barədə ödəmə qəbzi vermişdir. Bütün bunlar barəsində yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında və digər sənədlərin tam qanunsuz və əsassıs olduğunu sübut edir. Ona görə də barəsində yazılmış 8640 m3 qaz itkisi ziyanının ləğv edilməli və bununla əlaqədar sayğaca ödənmədən tutulmanın geri qaytarılmasını tələb edir. Onu da göstərir ki, o kombi işlətmir, buna imkanı da yoxdur, o müqavilə sənədindən göründüyü kimi cəmi bir ədəd qaz plitəsi və bir ədəd radiator işlədirlər. Ödəmə imkanının olmadığından gecələr radiatoru da işlətmirlər, gündüzlər də qənaətlə işlədirik və ən çoxu gündə 8-10 saat işlədir. Bunun müqabilində QQİİ-nin işçiləri bu ilin təkcə yanvar ayında ona göstərdiyi sərfıyat müddətini nəzərə almadan qanunsuz olaraq 120 manat pul ödətmişlər. 2022-ci ilin dekabr ayında 67,8 manat qeyri qanuni pul ödətmişlər. 2023-cü ilkin yanvar ayında isə qeyri-qanuni 50 manat pul ödəmişlər, çünki pul ödənişi edir dərhal yarısı çıxılır. Cihazlarıma görə və işlətmədə müddət prinsipi nəzərə alınmır. İddiaçı məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, “Azəriqaz” X1 X3 İdarəsinin Ağsu xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək iddianın rədd edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-878-1 saylı aktından görünür ki, **********1 nömrəli sayğac “Azəriqaz” İstehsalat Birliyinin 14-2- 2/3-5-878 saylı, 26 yanvar 2023-cü il tarixli məktubuna əsasən 26 yanvar 2023-cü il tarixində əhali sektorunda istismarda olan Ağsu RQİİ-dən Metrologiya Departamentinə gətirilmiş diafraqma tipli (Smart Payment və Gallus pay) qaz sayğacı 30 yanvar 2023-cü il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. - “Azəriqaz” İstehsalat Birliyinin 31 yanvar 2023-cü il tarixli ******* saylı aktından görünür ki, İddiaçı məxsus G-4 markalı, smart tipli **********1 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, AKT № MSK-14-2-2/3-5-878-1 saylı rəyə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan 3 zavod plastmas plomblardan biri plomb yuvasının üzərində aşkar olunmadı və plomb yuvasının ətrafında əzik-cızıq izləri var və təbii qaz itkisi yaranmışdır. - 31 yanvar 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-878-1 saylı aktından görünür ki, G-4 markalı **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan 3 zavod plastmas plomblardan biri plomb yuvasının üzərində aşkar olunmadı və plomb yuvasının ətrafında əzik-cızıq izləri var və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4*24*90=8640 kub metr sərfiyyat hesablanmışdır. - xx.xx.2022-ci il tarixli, XS-16-00366/23 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Müqavilə üzrə Paylayıcı adlanacaq “Azəriqaz” İB şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı adlanacaq İddiaçınun şəxsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq Müqavilə bağlamışlar. Müqavilənin 1-ci maddəsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-368/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, əsl olmayan cavabdeh “Azəriqaz” X1 X3 İdarəsi əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın sayğacın sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşici alətlə deşilib və təbii qaz yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesabat aparılmış və hesablanmış 1036,80 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin 31 yanvar 2023-cü il tarixli ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” X1 X3 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 1036,80 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri cavabdeh “Azəriqaz” X2 X4 İdarəsinə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30,37 (otuz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 1036,80 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30,37 (otuz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar