Məhkəmə qərarları › İş №2(016)-371/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-371/2023

03.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-371/2023 03.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh X5 iştirakları ilə, İddiaçı X2 cavabdeh X6 qarşı “həyətyanı torpaq sahəsində qanunsuz tikilinin cavabdehin hesabına sökülərək aparılması və zəbtdən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan, yəni Ağsu şəhəri, M.Xəlilov küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində qeyri qanuni inşa etdirdiyi yaşayış evinin və əlavə tikililərin onun öz xərci hesabına sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixdən Ağsu şəhəri, M.Xəlilov küçəsində 0.05 ha həyətyanı torpaq sahəsi almış və neçə illərdir ki, Qazax rayonunda yaşamışdır. Ona indi məlum olmuşdur ki, ona məxsus olan Ağsu şəhəri, M.Xəlilov küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində əvvəllər tanımadığı, Ağsu rayonu, Bozavand kənd sakini X8 onun xəbəri olmadan yaşayış evi inşa etdirmiş və onun hüquqlarını pozaraq torpaq sahəsinə sahib çıxmışdır. O, T.Novruovla telefon əlaqəsi saxlamış və ona bildirmişdir ki, mülkiyyətində olan həyətyanı torpaq sahəsində qeyriqanuni nə inşa edibsə söksün aparsın və onun torpq sahəsini zəbtdən azad etsin. Cavabdeh isə bu günə kimi bəzi bəhanələr gətirərək onun torpaq sahəsini zəbtdən azad etməkdən yayınmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, onun heç nədən xəbəri yoxdur. Atası onun yerinə torpağı satmış, pulu almış, və o puldan ona verməmişdir. Turab ona zəng edərək qol çəkməsini bildirdikdə o, pulu kimə veribsə ondan da almasını bildirmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçının atasından etibarnamə əsasında torpaq almış, amma adına sənədləşdirməmişdir. Həmin torpaq üzərində özünə aid tikili tikmişdir. Onun xəbəri olmadan etibarnaməni ləğv etmişlər. Göstərilənlərə əsasən, iddia tələbinin rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarına əlavə edilmiş JN-2906A, Kod-40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X1 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********18 reyestr nömrəli Çıxarışdan görünür ki, X2 xüsusi mülkiyyətinə Ağsu şəhərində 0.048420 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı Ağsu şəhərində yerləşən 0.048420 ha torpaq sahəsinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli torpaq sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Həmin ha torpaq sahəsinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin bu mübahisəli torpaq sahəsindən istifadə etməsi nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X3 məxsus Ağsu şəhərində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində cavabdeh X8 tərəfindən qeyri-qanuni inşa edilən yaşayış evi və əlavə tikililər onun öz xərci hesabına sökülsün və torpaq sahəsi zəbtdən azad edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar