Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-374/2023 10.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh “Azəriqaz” İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən istifadəsində olmuş sayğacı ilə əlaqədar qaz istehlakçıları kimi əsassız və qanunsuz olaraq onun adına qazdan istifadə qaydalarını pozmağına göə hesablanmış 8640 metr3 qaz itkisinin ləğv edilməsini və bununla əlaqədar sayğaca dəmədn tutulmanın geri qaytarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əsl olmayan cavabdeh “Azəriqaz” X3 X5 İdarəsinin əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilməsini və “Azəriqaz” İB tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış 1.036,80 manat məbləğində olan cərimənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyətində ayrı olmaqla bir ev də vardır ki, orada bir oğlan yaşayır və işi ilə əlaqədar səhər gedib gecə qayıdır və oğlan odun sobası işlədir. Hamı kimi o da qaz istehlakçısıdır və sayğacı da hamınınkı kimi küçədə - hasarın çölündə quraşdırılmışdır. Qaz İstismarı İdarəsinin sayğaclara nəzarət edən işçisi hər ayda azı bir-iki dəfə gəlib sayğaclara baxıb nəsə qeydiyyat aparıb gedir. Bunu bəzən özü görür və bəzən də görən qonşular məlumat verirlərlər ki, nəzarətçi filan günü gəlib sayğaclara baxıb getdi. Heç vaxt ona sayğacla əlaqədar nəzarətçidən irad bildirilməmiş və ya çatdırılmamışdır. O, 40 il müəllim işləmiş və təqaüdə çıxmışdır. Xəstədir. 26 dekabr 2022 ci ildə Moskva şəhərinə gedərək orada müalicə olunub 01 fevral 2022-ci il tarixdə evinə qaytmışdır. Evə qayıdan günün sabahı qonşusu ona indi ərizəsinnə əlavə edib məhkəməyə təqdim etdiyi sənədlər arasından “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qubulu” haqqında ******* saylı aktı təqdim edib bildirmişdir ki, qaz istismarı idarəsindən işçilər gəlib onun sayğacını dəyişdirmiş və ona bir sənədə imza etdirib bu aktı vermişlər. Amma imza etdirib bu aktı verəndən sonra ona demişlər ki, müəlliməyə yəni ona deyər ki, sayğacının plombu qoparılıb, imza etdiriləndən sonra 1.300 (bir min üç yüz) manat cərimə ediləcək. Odur ki, o, həmin gün Qaz idarəsinə getmiş və nə baş verdiyini soruşmuşdur, orada işçilər ona bildirmişlər ki, 43 manat borcu var, onu ödə, sayğac sıfırlansın, 1.300 manat isə cərimə yazılıb, buna aid sənədlər də ona göndəriləcək. O, 43 manat borcu idarədə ödəmişdir. Bu gün isə ona 8640 m3 qaz itkisi barədə cərimə sənədləri göndərilib. O, bu sənədləri götürüb Qİİ-nin rəisinin qəbuluna getmiş və bunun qanunsuz olduğunu izah etmişdir, idarədən ona bildirmişlər ki, apar ərizə ver məhkəməyə və məhkəmə qaydasında silsinsər. Həmin idarədən ona bu gün xx.xx.2022-ci il tarixli ARDNŞ-nin “Azəriqaz" İB-nin Qaz sayğacının yoxlanması barədə MSK -14-2-2/3-5-1088-1 nömrəli, həmin tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Aktlar, həmin tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” və xx.xx.2023-cü il tarixli, X3-16-00037/13 nömrəli “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqısı Müqaviləsi" olan sənədlər göndərilmişdir. “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qubulu” haqqında ******* saylı aktı isə yuxarıda göstərdiyi kimi, xx.xx.2023-cü ildə Moskva şəhərindən qayıdan günün sabahı təqdim edilmişdir. ARDNŞnin “Azəriqaz” İB-nin Qaz sayğacının yoxlanması barədə MSK-14-2-2/3-5-1088-1 nömrəli Aktda 16 şəxsə aid 10-cu sırada onun adına olmuş sayğac nömrəsinin qarşısında yazılmışdır: “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan üç zavod plasmas plombundan biri (alt hissədəki) plomb yuvasının üzərində aşkar olunmadı və plomb yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır.” xx.xx.2022-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Aktda da göstərilir ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə (saat göstəricisi yeri boş qalmışdır) təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı aşağıdakılar müəyyən olundu. Yəni eyni ilə MSK -14- 2-2/3-5-1088-1 nömrəli Aktda yazılanlar bu aktda da nöqsan kimi yazılmışdır. Sayğacdan istifadəyə görə barəsində sənədləşdirilmiş 90 gün üzrə 8640 m3-lik qaz itkisi barədə cərimə tam qanunsuz və əsassızdır. Birincisi, göründüyü kimi MSK -14-2-2/3-5-1088-1 nömrəli Aktda 16 şəxsin sayğaclarının 90 faizinə eyni ilə standart nöqsan yazılmışdır. Onların siyahısından əlavə Ağsu Qİİ-da əlavə başqa cərimə siyahısında da başqa abonentdə rast gəlmiş, orada daha çox adamların sayğacına eyni standart nöqsan yazılmışdır. Başqa 62 nəfərlik siyahıda Əliyeva Yaqut adlı qadının da adına 1000 manata kimi cərimə yazılıb. O siyahıdakılar da 31 yanvar yoxlamasına aiddir. Burdan belə çıxır ki, 31 yanvarda qaz işçiləri rayonda ən azı 200-300 yüz abonentlərin sayğaclarını yoxlayıb 100 (yüz) abonent barəsində oxşar nöqsan aşkar edib və həmin gündə də aparılıb Bakı şəhərində mütəxəssislər yoxlayıb nöqsanları təşkil edib. Odur ki, məntiqi cəhətdən də bu inandırıcı deyildir, yəni bu qurama iş kimi hardasa çatışmamazlığa və ya israfçılığa və s. əməllərə görə qəsdən abonentlərə cərimə yazmaqla əvəzlənmə məqsədini güdür. Bu başqa cür izah olunan deyil. İkincisi, araşdırılmalıdır ki, necə olur ki, əvvəlki 3 aylarda heç bir abonentin sayğacında heç bir nöqsan olmadığı halda yanvar ayında təxminən 80 abonent “Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan üç zavod plasmas plombundan biri (alt hissədəki) plomb yuvasının üzərində aşkar olunmadı və plomb yuvasının ətrafında əzik-cızıq izləri var” qeyri qanuni əməl törətmişlər. Buna hüquqi qiymət verilməlidir. Üçüncüsü, məhkəmədən xahiş edir ki, Qİİ-dən sorğu keçirilməklə bir gün ərzində, yəni 31 yanvar 2023-cü il tarixində Ağsu şəhər sakinlərindən abonentlərə nə qədər və nə kimi nöqsan yazılması barədə siyahı sorğu edilməklə alınsın və buna yuxarıda göstərdiklərinə əsasən hüquqi qiymət verilsin. Dördüncüsü, sayğaca baxış abonentin iştirakı ilə, abonent yoxdursa ən azı iki nəfər maraqlı tərəf olmayan şahidlərin iştirakı ilə keçirilməli, sübut kimi fotoşəkli çəkilməli və yerində akt tərtib edilməli, akt oxunmaqla doğruluğu imzalarla təsdiq edilməli idi. Bu da edilməmişdir, odur ki, yazılan cərimənin əsası yoxdur. Beşincisi, hər ayda azı bir-iki dəfə Qİİ-nin nəzarətçiləri gəlib küçədə quraşdırılmış sayğaclara baxış keçirib gedirlər. Deyilənə görə nəzarətçilər ancaq sayğaclarda nöqsan aşkar etdikləri vaxtlarda sənədləşdirmə aparırlar. Odur ki, məhkəmədən xahiş edir ki, iş üçün əhəmiyyətli olduğundan son 3 ay üzrə-yəni, 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları ərzində nəzarətçilərin hansı vaxtlarda gəlib məhlədəki onun da daxil olan abonentlərin sayğaclarına baxış etdikləri barədə rəsmi sorğu arayışı alınsın. Əgər həmin aylarda nəzarətçinin yoxlanışı barədə sənəd tərtib edilmədikdə nəzarətsizliklərinə görə cərimələr onların hesabına aid edilməlidir. Altıncısı, barəsində tərtib edilmiş ən əsas qanunsuz sənədlərdən biri də “dəymiş ziyanın bərpasına dair tələbnamədə” dəymiş ziyanın həcminin hesablanması hissəsində göstərilənlərdir. Orada dəymiş ziyanı 90 gün üzrə hesablamışlar. Sual yaranır ki, yanvar ayından əvvəlki aylarda dekabr, noyabr aylarında axı nəzarətçi şəxsən gəlib sayğaca nəzarət qaydasında baxıb gedib. Hamı kimi, o ayların heç-birində nöqsan barədə irad bildirilməmişdir. Bütün bunlar barələrində tərtib edilmiş ziyan aktlarının tam əsassızlığını bir daha təsdiq edir. Yeddinci, sayğaclar küçədə quraşdırılmışdır, orada kiminsə cızıq, qırıq və s. bu kimi zədə törətməsinə abonent kimi gecə və gündüz qarovul çəkə bilmədiyindən, buna onun cavabdehlik daşımağı da qanunsuzluqdur. Müqavilədə də belə şey yoxdur. Bəlkə küçədən keçənlər bir ay ərzində göstərilən abonentlərin sayğaclarında zədə, cızıq və s. yaratmışlar. Odur ki, bu da araşdırılıb qiymət verilməlidir. Səkkizinci, barəsində yazılanların ən qanunsuzluğunu təsdiq edən hallardan biri dəyişdirilib aparılan sayğacı kart ödənməsi üsulu ilə yox, mexaniki üsulla işləyirmiş. Belə ki, onun sayğacın işləmə prinsipindən heç bir anlayışı yoxdur, sayğaca heç vaxt toxunmamış, qapağını açmamışdır. Nəzarətçi ayda bir dəfə gəlib baxıb, yazılan işlədilmiş göstəricini götürüb aparıb idarədə qeydiyyata salıb ödənmə qəbzi gətirib verirdi və o da həmin qəbz əsasında aparıb poçtda ödənmə etmişdir. Heç vaxtda borcu olmamışdır. Axı onun sayğaca yaxınlaşmağının belə hallarda lüzumu da olmamışdır. Əvvəlki dekabr ayı üzrə nəzarətçi sayğaca baxıb aparıb ödənmə qəbzi yazdırıb gətirib verməyi ilə 90 gün üzrə cərimə yazmaları da uyğunsuzluq təşkil edir. Bütün bunlar barəsində yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” və digər sənədlərin tam qanunsuz və əsassız olduğunu sübut edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, ******* saylı aktından görünür ki, X2 məxsus G4 markalı, **********2 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Azəriqaz İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan biri (alt hissədəki) plomb yuvasının üzərində aşkar olunmamışdır, plomb yuvasının ətrafında əzik-cızıq izləri var və təbii qaz itkisi yaranmışdır. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan biri (alt hissədəki) plomb yuvasının üzərində aşkar olunmamışdır, plomb yuvasının ətrafında əzikcızıq izləri var və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8640 metr3 sərfiyyat hesablanmışdır. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında X1 mənzilinə xx.xx.2023-cü il tarixdə Zenner G4T smart markalı, **********576 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00000-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən abonent sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan birinin (alt hissədəki) plomb yuvasının üzərində aşkar olunmaması, plomb yuvasının ətrafında əzikcızıq izləri olması və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesabat aparılmış və hesablanmış 1.036.80 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” X3 X5 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçı X2 yazılmış 8640 metr3 qaz itkisi üçün yazılmış cərimə silinməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 1.036,80 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-374/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-374/2023
10.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver