Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-40/2023 13.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan və Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən yaşayış evindən X6 ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılmalarını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, yaşayış evi atasından miras qalmışdır. Evin ümumi sahəsi 103,60 kv.m olmaqla ona olan hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Lakin cavabdeh yaşayış evinin bir otağını ailə üzvləri ilə birlikdə zəbt edərək orda yaşayır. Cavabdehdən dəfələrlə qanunsuz əməllərinə son qoymasını, ona məxsus olan evdən ailə və əmlakları ilə birlikdə çıxmasını tələb etsə də, heç bir əhəmiyyəti olmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən yaşayış evindən Cavabdeh və ailə üzvləri ilə birlikdə istifadə hüququna 2.520 manat kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək göstərdi ki, özü həmin evdə doğulmuş, 30 il həmin evdə yaşamışdır. Son bir ildə işləri ilə əlaqədar ailəsilə birlikdə Bakıda kirayədə yaşayır. Bu səbəbdən, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan “Ölüm haqqında” Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “Ölüm haqqında” Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1989-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)- 47/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh, arvadı X7, azyaşlı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X16 ilə birlikdə Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evə köçürülməsi və onların həmin evdə istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(107)-863/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 nömrəli qətnaməsi “iddiaçı Cavabdeh arvadı X2 Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evə köçürülməsi və onların həmin evdə istifadə hüququnun tanınmasının təmin edilməsi” hissəsində ləğv edilmiş və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(107)-863/2022 nömrəli qərardadının surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 nömrəli qətnaməsi “iddiaçı Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladlarının (27 iyun 2014-cü il təvəllüdlü Ayan və 09 iyul 2015ci il təvəllüdlü Namiq) Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evlərinə köçürülmələri və yaşayış hüquqlarının tanınmasının təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X15 vərəsələri - X17, X10, X8, X13, İddiaçı, X11 və X4r və onların hər birinin Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 0.26 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evi üzərində 1/7 hissədə vərəsəlik hüququ tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” Müqaviləsindən görünür ki, X17, X10, X8, X13, X11 və X1 rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini İddiaçı mülkiyyətinə vermişlər. İş materiallarından olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Ağsu rayonunun Ərəbuşağı kəndində yerləşən ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 .01.2023-cü il tarixli, 8 nömrəli arayışından görünür ki, İnzibati Ərazi Dairəsinin əhatə etdiyi kəndlərdə evlərin kirayə haqqı aylıq 50-70 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, 01 sentyabr 2001-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. MM-in 158.1.2.-ci və 158.4.-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-in 228.2-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin qeyd olunur ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidi. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı işlər fərqli xüsusiyyətlərə malik olduqlarına görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyətləri, özünəməxsusluğu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə), kompensasiya ödənilən şəxsin evin təmirində, bərpasında rolu, yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranma əsası, kompensasiya təklif olunan şəxsin həmin evə köçməmişdən əvvəl yaşayış sahəsinə malik olub-olmaması, həmin yaşayış sahəsinin taleyi, yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin digər ailə üzvlərinə qarşı dəfələrlə cinayət törətməsi), kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə 2.520 manat məbləğində kompensasiya qanunvericiliyin müəyyən etdiyi standarlara cavab verir. Belə ki, həmin məbləğ cavabdehə ailə üzvləri ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin edə bilər. Göstərilənlərlə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, mütənasiblik prinsipinə uyğun cavabdehin mövcud yaşayış sahəsindən istifadə hüquqlarının olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqları onun mülkiyyət üzərində müstəsna səciyyə daşıyan sahiblik və sərəncam hüquqlarının təmin edilməsində ifadə olunduğundan təklif edilən 2.520 manat kompensasiyanın məbləği məqbul hesab edilməli, iddiaçı tərəfindən cavabdehə 2.520 manat kompensasiya ödənilməklə, onun və yetkinlik yaşına çatmayan övladlarının (27 iyun 2014-cü il təvəllüdlü Ayan və 09 iyul 2015-ci il təvəllüdlü Namiq) Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməli və cavabdehə kompensasiyanın ödənilməsi ilə onun və yetkinlik yaşına çatmayan övladlarının istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 2.520 manat məbləğində kompensasiya ödənilməklə, Cavabdeh və yetkinlik yaşına çatmayan övladları - xx.xx.2014-cü il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X9 Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-40/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-40/2023
13.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver