Məhkəmə qərarları › İş №2(016)-427/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-427/2023

15.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-427/2023 15.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh “Azəriqaz” İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən barəsində yazılmış təbii qazdan istifadə qaydalarının pozulmasının əsassız və qanunsuz hesab edilməsi, bununla əlaqədar hesablanmış 8640 m3 qaz itkisinin ləğv edilməsi, sayğaca ödənmədən tutulmanın geri qaytarılması və sayğac dəyərinin ödənilməsinin təmin edilməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əsl olmayan cavabdeh “Azəriqaz” X3 X5 İdarəsinin əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilməsini və “Azəriqaz” İB tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış 1.036,80 manat məbləğində olan cərimənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 63 yaşı olmaqla təqaüdçüdür, güclə yeriyir, az miqdarda pensiya pulu ilə dolanır. Xəstə olduğundan 2 ay imiş ki, Bakı şəhərində özəl klinikalardan birində müalicə olunurmuş. Bakıdan təzə qayıtmış, qaz sayğacına 20 manat pul ödəmiş və dərhal yarısı tutulmuşdur. Odur ki, X6 idarəsinə gedib bunun səbəbini soruşduqda oradan baxıb bildirmişlər ki, adına əvvəlki sayğacla əlaqədar 1036,80 manat cərimə yazıblar. Həmçinin demişlər ki, sayğacını 4-5 ay bundan əvvəl yoxlamışlar və sayğacında “hesablama mexanizminin şüşəsinə vurulan plastmas plomblar kənar təsir nəticəsində əzilib və təbii qaz itkisi yaranmışdır”. Həmçinin demişlər ki, sayğacın dəyərini də o ödəməlidir. İdarənin işçilərinə narazılığını bildirdikdə bununla əlaqədar ona sənəd vermişlər və demişlər ki, məhkəməyə şikayət edə bilər. Hamınınkı kimi onun da sayğacı küçədə, hasarın çölündə quraşdırılmışdır, hər ayda bir dəfə qaz idarəsinin məhlə üzrə nəzarətçisi gəlib sayğacları yoxlayıb gedir, heç vaxtı sayğacla əlaqədar ona irad bildirilməyib. Onun sayğacın işləmə prinsipindən başı çıxmır, heç vaxt sayğaca toxunmamışdır. Özü də ona 90 gün sayğacdan qaz itkisinə görə cərimə yazıblar. Bu əsaslı deyil, axı hər ay nəzarətçi gəlib sayğaca baxış keçirəndə necə oldu ki sayğac haqqında yazılanları və əgər o səbəbdəndirsə qaz itkisini müəyyən edə bilməyib. Ancaq sayğacı dəyişdirən günü həmin yazılanları müəyyən etmişlər. Qazla əlaqədar barəsində yazılmış ziyanlıq sənədlərinin qanunsuz və əsassız olduğunu bu bir daha təsdiq edir. Daha sonra o, evində bir plitə və bir soba işlədir və il ərzində işlətdiyi qaza görə cəmi 100 manata kimi pul ödəyir. Lakin ona bir gün üçün maksimal qaz sərfi 4 m3/saat və orta günlük iş reşimi də 24 saat hesablanıb. Əvvəla o, sobanın ən aşağı dərəcəsi ilə işlədir, ona görə ki, otağı balacadır, daha sonra sutka ərzində işlətmir, bazara və ya bir yerə bir neçə saat gedəndə yanğın olmasın deyə qaz cihazını söndürür. Bu da yazılan sənədlərin əsaslı olmadığını təsdiq edir. Üçüncüsü də xx.xx.2022-ci il tarixli ARDNŞ-nin “Azəriqaz” İBnin Qaz sayğacının yoxlanması barədə MSK 29/1710-04492-1 nömrəli Aktda 36 nəfərlik cərimə yazılmış abonentlərin siyahısında 26-cı sırada onun adına olmuş sayğac haqqında yuxarıda göstərdiyi nöqsan yazılmışdır. Məsələ burasındadır ki, həmin siayıdakı abonentlərin əksəriyyətinə eyni nöqsan yazılmışdır. Yazılanların inandırıcı olmadığı bir də odur ki, əvvəlki aylarda belə qaz itkisi olmamış, birdən-birə bir ayın bir günündə yoxlama zamanı 36 abonentdə belə eyni nöqsan aşkar edilmişdir. Danışırlar ki, Ağsu şəhərində çoxsaylı adamlara belə qanunsuz və əsassız cərimələr yazıblar. Özü də hamıya standart olaraq 8640 m3 qaz itkisi yazılması da həmin sənədlərin əsassızlığını bir daha təsdiq edir. Ona görə də barəsində yazılmış təbii qazdan istifadə qaydalarının pozulmasının əsassız və qanunsuz hesab edilməsi, bununla əlaqədar hesablanmış 8640 m3 qaz itkisi ziyanının ləğv edilməsinə, sayğaca ödənmədən tutulmanın geri qaytarılması və sayğac dəyərinin ödənilməsinin təmin edilməsi ləğv edilməlidir. Belə ki, o qazdan istifadəyə dair heç bir qaydanı pozmamışdır. Qİİ-nin işçiləri Ağsu şəhərində imkanlı adamları deyil onun kimi kimsəsiz adamlara qeyri-qanuni olaraq cərimə yazmışlar. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktından görünür ki, X2 məxsus G4 mexaniki markalı, **********79 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Azəriqaz İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plomblar kənar təsir nəticəsində əzilib və təbii qaz itkisi yaranmışdır. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonent sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plomblar kənar təsir nəticəsində əzilib və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8640 metr3 sərfiyyat hesablanmışdır. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında X1 mənzilinə xx.xx.2022-ci il tarixdə Zenner G4T smart markalı, **********589 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00000-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzilməsi və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesabat aparılmış və hesablanmış 1.036,80 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” X3 X5 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçı X2 hesablanmış 1.036,80 manat məbləğində cərimə silinməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 1.036,80 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar