Məhkəmə qərarları › İş №2(016)-551/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-551/2025

10.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-551/2025 10.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Ağsu rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu Rayon Dövlət Notariat Kontorunda Cavabdeh2 ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-101 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-101 reyestr nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,0865 ha torpaq sahəsi və üzərində yerləşən 126 kv.m olan fərdi yaşayış evini oğlu Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsi bağlanmamışdan öncə Cavabdeh2 ona ölən günə qədər qulluq edəcəyini söz vermişdir. O da oğlunun bu vədinə inanaraq əmlakını ona bağışlamağa etibar etmişdir. Oğlu onun etibarından sui istifadə etmiş, hal-hazırda ona baxmır, bu azmış kimi digər övladlarını və nəvələrini ona baxmaq üçün yaşadığı evə buraxmır. Onun köməyə ehtiyacı olan bir vaxtda oğlu ona baxmır. Digər övladlarının və nəvələrinin ona baxmasına maneəçilik törədir və onları evə buraxmır. Bu səbəbdən, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdeh onun böyük oğlumdur, o, evi cavbdehə bağışlayanda heç bir şərti olmayıb. Ona baxan olmadığına görə öz evimdən çıxmış, hal-hazırda ona kiçik oğlu baxır. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı kiçik qardaşının evinə xx.xx.2024-cü ildə gedib. Onun evinə də qardaşlarının hamısı gəlib gedir. Maddi vəziyyəti yaxşı olduğu üçün hər ay iddiaçının yaxşı qidalanması üçün öz qardaşı ilə ərzaq göndərmişdir. Hətta iddiaçı evi ona bu şərtlə bağışlayıb ki, qardaşı spirtli içki düşkünü olduğu üçün evi satmasın. 5-6 ay iddiaçı onun evində qaldıqdan sonra 7 ay da digər qardaşının evində qalıb. Evin açarı da onda deyil. O, iddiaçını necə evdən çıxara bilər? Öz adına evin çıxarışını da almışdır. 2017-ci ildən ev onundur, o isə ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 2017-ci ildə ev ona verildikdən sonra o həm o evdə qalır, həm də öz evində. İddiaçı kiçik qardaşı ilə barışdığı üçün evi ondan alıb, qardaşına bağışlamaq istəyir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Ağsu rayon Notariat Ofisinin notariusu məhkəməyə ərizə təqdim edərək notariat ofisinin iş rejimini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən aslı olaraq həll edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh Ağsu rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 1ində yerləşən ümumi sahəsi 126 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0865 ha olan torpaq sahəsini Cavabdeh2 hədiyyə vermişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, ünvan 1i ünvanında 0.0865 ha torpa sahəsi və üzərində yerləşən ümumi sahəsi 126 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. - xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 661.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab edilməsilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü İddiaçı üzərinə düşür. Lakin iddiaçı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığını sübuta yetirən halları məhkəməyə təqdim edə bilmir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini imzalayarkən Cavabdeh2 ona ölən günə qədər qulluq edəcəyi şərti ilə Cavabdeh2 xeyrinə əmlakını bağışladığını (lakin iddiaçı məhkəmə iclasında bağışlama müqaviləsinin hər hansı şərtlə bağlanmadığını bildirmişdir.) qeyd etsə də, bu hallar təkzibedilməz sübutlarla təsdiqlənməmiş, eyni zamanda formal mülahizələrdən ibarət olmuş, iddia tələbinin dəlilləri əsassız olmuş, bu səbəbdən də həmin müqavilənin qeyd edilən şərtlə bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetməmişdir. Göründüyü kimi bağışlama müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, habelə uydurma və yalan əqdlər etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 340-cı maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən “hədiyyə verən” İddiaçı və “hədiyyə alan” Cavabdeh2 bağışlama müqaviləsinin bağlanmasında iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (Mülki Məcəllənin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Ağsu rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Ağsu rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar