Məhkəmə qərarları › İş №2(016)-573/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-573/2023

25.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-573/2023 25.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X4 X7 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış 1555,20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X4 Xidmət Sahəsi tərəfindən onun yaşadığı Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən ünvanında smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin vaxtdan bu günə kimi həmin sayğaca xidmət və nəzarəti də məhz “Azəriqaz” X4 xidmət sahəsi tərəfindən həyata keçirilir. Həmin sayğaca müvafiq qaydada yüklədikləri qazı istifadə edirlər. Demək istəyir ki, həmin sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamışdır. Bundan əlavə onu da nəzərə çatdırır ki, həmin sayğac küçədə quraşdırıldığından ona nəzarət etmək iradəsindən kənardır. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələbinə görə həmin sayğacda olan hər hansı qusura görə o abunəçi olaraq məsuliyyət daşımır. Halbuki, həmin nasazlıq (əgər həqiqətən varsa) onun iştirakı ilə araşdırılmadan ona qanunsuz və əsassız olaraq “Azəriqaz” X4 Xidmət Sahəsi tərəfindən 1555,20 manat məbləğində cərimə hesablanmış və həmin məbləğin ödənilməsi barədə bildiriş də göndərilmişdir. Bildirişdə həmin ******* nömrəli akt əsasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyi 1555,20 manat məbləğində cərimə pulunun ödənilməsini tələb edir. Həmin məbləğlərin silinməsini tələb edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, “Azəriqaz” X4 X7 İdarəsinin Ağsu xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəməyə etiraz ərizəsi göndərərək iddianın rədd edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-3005-1 saylı aktından görünür ki, 00514232 nömrəli sayğac “Azəriqaz” İstehsalat Birliyinin 14-2-2/3-5- 3005 saylı, 15 mart 2023-cü il tarixli məktubuna əsasən 16 mart 2023-cü il tarixində əhali sektorunda istismarda olan Ağsu RQİİ-dən Metrologiya Departamentinə gətirilmiş diafraqma tipli (Smart Payment və Gallus pay) qaz sayğacı 27 mart 2023-cü il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. - “Azəriqaz” İstehsalat Birliyinin 31 mart 2023-cü il tarixli ******* saylı aktından görünür ki, X3 məxsus G-4 markalı, mexanika tipli 00514232 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, AKT № MSK-14-2-2/3- 5-3005-1 saylı rəyə əsasən sayğaca baxış keçirilmiş, sayğacın plasmas qapağının üzərində zavod qurğuşun plombu aşkar olunmadı. Sayğac istismara yararsızdır. Qüsura görə qaz itkisi. - 31 mart 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-3005-1 saylı aktından görünür ki, G-4 markalı 00514232 nömrəli sayğacın plastmas plomblardan biri plomb yuvasının üzərində aşkar olunmadı və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6*24*90=12960 kub metr sərfiyyat hesablanmışdır. - 06.04.2023-cü il tarixli, XS-16-00222/23 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Müqavilə üzrə Paylayıcı adlanacaq “Azəriqaz” İB şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı adlanacaq X2 şəxsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq Müqavilə bağlamışlar. Müqavilənin 1-ci maddəsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın plasmas qapağının üzərində zavod qurğuşun plombu aşkar olunmamış və qüsura görə qaz itkisi müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesabat aparılmış və hesablanmış 1555,20 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin 31 mart 2023-cü il tarixli ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” X4 X7 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçı X3 itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X4 X7 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçı X3 itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar