Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-68/2023 09.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh X4 qarşı “kreditin, faizlərin, zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən onun xeyrinə 560 manat əsas kredit borcu, 66,59 manat faiz borcu, əldən çıxmış fayda qismində (560*36%=201) 201 manat, cəmi 827,59 manat borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus olan üzük (Q/s-583)-2 ədəd, cəmi 2 sayda, 12.68 qr. qızıl, 278,96 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 976,36 manat qiymətlilərə tutuma yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına iddiaçıya olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cəmi 827,59 manat, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, onun ümumi qaydada cavabdehin başqa əmlakı hesabına icra edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 noyabr 2020-ci il tarixli 166/1120-081 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 36 % kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 560 manat məbləğində kredit verilmişdir. Kredit təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi girov müqviləsi ilə yüklü edilmişdir. Belə ki, X5 ilə 19 noyabr 2020-ci il tarixli, 166/1120-081ZG saylı Girov müqaviləsi bağlanmış və o, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan üzük (Q/s- 583)-2 ədəd, cəmi 2 sayda 12.68 qr.qızıl, 278.96 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 976.36 manat məbləğində qiymətlilər. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin xx.xx.2022-ci il tarixə 560 manat əsas kredit borcu, 115,11 manat faiz borcu, cəmi 675 manat borcu təşkil edir. Cavabdeh bu günə qədər ödəniş etməmiş, ona dəfələrlə müraciət edilməsinə baxmayaraq kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, BOKT-a olan borcunu könüllü ödəməsi üçün təklif verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə teleqramla müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək göstərdi ki, krediti götürmüş, lakin maddi imkanı olmadığı üçün ödənişi həyata keçirə bilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 19 noyabr 2020-ci il tarixli 166/1120-081 saylı kredit müqaviləsinə əsasən, bank borcluya 12 ay müddətinə illik 36% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 560 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 19 noyabr 2020-ci il tarixdə bağlanmış 166/1120-081ZG saylı girov müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan üzük (Q/s-583)-2 ədəd, cəmi 2 sayda 12.68 qr.qızıl, 278,96 manat məbləğində əlavə zinət əşyalarını, ümumi dəyəri 976,36 manat qızıl-zinət əşyalarını bankın sahibliyinə vermişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, 166/1120-081 saylı müqavilə üzrə cavabdehin 626.59 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə bildiriş göndərərək kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və həmin müqavilə üzrə hesablanmış faizi iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. MM-in 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə, iddianın “girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait 19 noyabr 2020-ci il tarixli, 166/1120-081 saylı kredit kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsinə dair” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın “əldən çıxmış fayda qismində 201 manat faizin ödənilməsi” barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, iddiaçı bu tələbi ilə bağlı istinad etdiyi hallarla bağlı sübut təqdim etmədiyindən, iddia tələbi qeyd edilən hissədə rədd ediməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 560 manat əsas kredit borcu, 66,59 manat faiz borcu, cəmi 626,59 manat borc və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. X1 məxsus girov predmeti olan üzük (Q/s-583)-2 ədəd, cəmi 2 sayda 12.68 qr. qızıl, 278.96 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 976.36 manat olan qiymətlilərə yönəldilsin və qızıl-zinət əşyaları açıq hərracda satılsın. Həmin qızıl-zinət əşyasının satılmasından əldə edilən vəsaitdən 626,59 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu "xxxx" BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-68/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-68/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver