Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-716/2023 25.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “itirilmiş təbii qaza görə dəymiş zərərin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “itirilmiş təbii qaza görə dəymiş zərərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağsu rayonu Bakı- Qazax yolunun 156-cı km-də yerləşən “Seyrəngah” restoranına məxsus qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş, müvafiq akta əsasən sayğaca müdaxilə edilmiş və sayğac yararsız hesab edilmişdir. Həmin akta əsasən iddiaçı 540 manat cərimə edilmişdir. Bundan əlavə, iddiaçı ilə “Azəriqaz” İB arasında xx.xx.2020-ci il tarixdə AMX- 4983/20 saylı müqavilə bağlanaraq fərdi sahibkar kimi qeydə alınmışdır. İqtisadi mübahisələrə Kommersiya məhkəmələrində baxıldığından, iddia ərizəsinin aidiyyətı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında çıxış edərək ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların məzmunundan müəyyən olunur ki, məhkəmə aidiyyət məsələsini həll edərkən həm mübahisənin tərəflərini, həm də mübahisənin predmetini və münasibətlərin xarakterini dəqiq müəyyənləşdirməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarının 3-cü bəndindən müəyyən olunur ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 12-ci bəndindən müəyyən olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi baradə” elektron məlumatdan görünür ki, İddiaçı (VÖEN: **********, ********* və **********) vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadır. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğundan, mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 25, 26, 44, 45, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “itirilmiş təbii qaza görə dəymiş zərərin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(016)-716/2023 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-716/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-716/2023
25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver