Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-724/2023 05.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq onun adına qazdan istifadə qaydalarını pozmasına görə hesablanmış 1440 m3 qaz itkisinə dair cərimənin ləğv edilməsini və bununla əlaqədar ödənmənin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonunun Pirhəsənli kəndində həyat yoldaşı ilə birlikdə yaşayır, hər ikisi müəllim olmuşlar və hazırda təqaüdçüdürlər, olan iki qızları və bir oğlu Bakı şəhərində yaşayırlar. Qaz sayğacı hamınınkı kimi küçədəhasarın çölündə quraşdırılmışdır. Qaz istehlakı üzrə nəzarətçi Şahid Məlikov kəndlərindəndir, onların evindən 2-3 ev kənarda yaşayır və ayda bir dəfə gəlib hamınınkı kimi onların da sayğacına baxış edib gedir. İndiyə kimi nəzarətçidən heç vaxt narazılıq edilməmişdir. Bir neçə ay bundan qabaq sayğacları qaz idarəsinin işçiləri tərəfindən dəyişdirilərək əvvəlki sayğac aparılmışdır. Sayğac dəyişdirilərkən o, özü onların yanında olmuş və dəyişdirilib aparılan sayğacla əlaqədar ona hər hansı bir irad bildirilməmişdir, əgər qüsur aşkar edilmiş olsaydı yəqin ki, qaydalara görə iki nüsxədə akt tərtib edilərdi, o da imza edərdi və bir nüsxəsini ona vermiş olardılar, hansı ki, belə şey olmamışdır. Əksinə demişlər ki, hamının sayğacını dəyişdirirlər. Təxminən 10 gün bundan əvvəl, yəni iyun ayının əvvəlki günlərində qaz üzrə nəzarətçi Şahid Məlikov evdə ikən gəlib onu çağırıb aşağıdakı sənədləri ona təqdim edib verərkən ad və soyadı olan sənədlər qarşısında imza etdirmişdir: xx.xx.2023-cü il tarixli ARDNŞ-nin “Azəriqaz” İB-nin Qaz sayğacının yoxlanması barədə MSK-14-2-2/3-5-2753-1 nömrəli Akt, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli Akt, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03386123 nömrəli Akt, xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” və xx.xx.2023-cü il tarixli, X3-16-00270/23 nömrəli “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqı Müqaviləsi” və Abonentin Saldosu. O da sənədləri oxumadan imza etmiş və sənədləri alandan sonra Şahid ona məlumat vermişdir ki, ona əvvəlki sayğacla əlaqədar hardasa 172 manat cərimə yazıblar. O, iradını bildirdikdə, ona məhkəməyə ərizə verməklə şikayət etməsi tövsiyə olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli Akt üzrə: belə çıxır ki, həmin tarixdə onun iştirakı ilə akt yazılıb və o da həmin tarixdə imza etmişdir. Başqa sənədlər ki, həmin sənədi də ona təxminən 10 gün bundan əvvəl Şahid gətirib evdən çağırıb imza etdirib vermişdir. Göstərilən tarixdə o, Ağsu rayonunda olmamışdır. 2022-ci ilin dekabr ayının 18-də həyat yoldaşı ilə Bakı şəhərinə gedərək orada uşaqlarının evində qalmış, müalicələrdə olmuşlar və bir də 02 aprel 2022-ci ildə kəndə qayıtmışlar. Bunu adına yazılmış Abonentin Saldosu ilə də müəyyən etmək olar. Bu sənəd tam saxtakarlıqla tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli ARDNŞ-nin “Azəriqaz” İB-nin Qaz sayğacının yoxlanması barədə MSK-14-2-2/3-5- 2753-1 nömrəli Aktda 205 abonent arasında 98-ci sırada onun işlətdiyi sayğacla əlaqədar yazılmışdır: sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranmışdır. Əvvəla göstərir ki, sayğacın işləmə mexanizmindən onun məlumatı yoxdur, sayğaca heç vaxt müdaxilə etməmişdir. Nəzarətçi sayğac dəyişdirilməzdən 5-6 gün əvvəl gəlib sayğaca baxış edib getmişdir. Belə olan halda əgər sayğacda qaz itkisi yaranmışdırsa o məsuliyyət daşıya bilməz. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli Akt maraqlıdır ki, ondan əvvəlki xx.xx.2023cü il tarixli ARDNŞ-nin “Azəriqaz” İB-nin Qaz sayğacının yoxlanması barədə MSK-14-2- 2/3-5-2753-1 nömrəli Akt əsasında tərtib edilmiş və bu da ona çox sonradan imza etdirilmişdir. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-də isə dəymiş ziyanın həcmi hesablanması bölməsində göstərilmişdir: Qaz işlədilməsinin maksimal saatlıq qaz şərti 4m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin: 4 x 12 x 30 =1440 m3. Bu qədər qaz itkisi yalnız Qİİ tərəfindən sayğac dəyişdirilmə ərəfəsində qəsdən sayğaca yüklənmə nəticəsində ola bilər, başqa cür izah edilən deyildir. Bunu barəsində olan Abonentin Saldosu da təsdiq edir. Göstərir ki, o, “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqısı Müqaviləsi”-nin heç bir şərtini pozmamışdır, ona görə də ona qanunsuz və əsassız hesablanmış 1440 m3 qaz itkisinə görə cərimə ləğv edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus Zenner markalı, **********11 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Azəriqaz İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranmışdır. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1440 metr3 sərfiyyat hesablanmışdır. Abonentin saldosundan görünür ki, Ağsu rayonu, Pirhəsənli kəndində İddiaçı mənzilinə xx.xx.2022-ci il tarixdə Zenner G4T mexaniki markalı, **********7 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00000-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesabat aparılmış və hesablanmış 172 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” X1 X2 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 172 manat məbləğində cərimə silinməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 172 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-724/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-724/2023
05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver