Məhkəmə qərarları › İş №2(016)-73/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-73/2023

20.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-73/2023 20.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X26 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X25 oğlunun katibliyi, X1, Maraqlı şəxsin nümayəndəsi Ağsu rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər komissiyasının üzvü X17 iştirakları ilə, X1 “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2004-cü ildə anadan olmuş oğlu X10 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü təvəllüdlü X16 onun oğludur. Oğlu anadangəlmə “uşaq serbal iflic” xəstəsidir. Oğlu anadan olduğu vaxtdan hal-hazırkı günə qədər sərbəst olaraq özünü idarə etmək iqtidarında deyildir. AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən oğluna “kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya, yeriş funksiyasının pozulması" diaqnozu qoyulmuş və ona müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Oğlu öz hərəkətlərinin mənasını dərk etmək, onları idarə etmək iqtidarında deyil. Oğluna daima kənar şəxsin köməyinə ehtiyacı vardır. Bu səbəbdən ona qəyyum təyin edilməlidir. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Eyni zamanda göstərdi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X2 yol vermədiyindən, onun məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Buna görə də, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tаriхdə vеrilmiş AZ-İ № 494876 saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, X16 xx.xx.2004-cü il tarixdə Ağsu şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 315 № ilə qeyd edilmişdir. X4, anası X8r. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,xx.xx.1975-ci il təvəllüdlü X5 rayonu Qəşəd kəndində anadan olmuşdur. Bu barədə akt qeydlər kitabında 19-cu səhvədə qeyd olunmuşdur. - Ağsu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-AZ № 026490 saylı Nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 ilə X13 arasında 26 sentyabr 2003-cü ildə nikah bağlanmışdır. Bu barədə Akt qeydlər kitabında 189 nömrə ilə qeyd olunmuşdur. - Ağsu rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 956 nömrəli arayışdan görünür ki, X16 “uşaq serbal iflic” xəstəsidir. Kənar şəxsin xidmətinə ehtiyacı var. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, X16 “Kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya, yeriş funksiyasının itirilməsi diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 şəhər L.Talıbov küçəsi 16 saylı evdə yaşayırlar - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Məhkəmə Psixatrik Ekspertizası tərəfindən verilən xx.xx.2023-cü il tarixli 40 saylı rəyindən görünür ki, X11 Uşaq serebral iflicin qalıq əlamətləri, dərin əqli gerilik müəyyən edilmişdir. X16 öz psixi vəziyytətinə görə hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə X16 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası X7 ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2004-cü il tarixdə anadan olan X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X12 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə anadan olan X16 fəaliyyət qabiliyyətli olmayan hesab edilsin. Hazırkı qətnamə X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri X3na aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar