Məhkəmə qərarları › İş №2(016)-836/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-836/2024

17.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-836/2024 17.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Ağsu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh 2 nömrəli Regional Sukanal İdarəsinə qarşı “su sayğacının və plombun qırılması, əsassız cərimənin yazılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2 nömrəli Regional Sukanal İdarəsinə qarşı “su sayğacının və plombun qırılması, əsassız cərimənin yazılması” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənəd geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, qanunvericilik ümumi aidiyyət qaydasını məhz cavabdehin rəsmi qeydə alındığı yeri nəzərə alaraq müəyyənləşdirmişdir. İddia ərizəsindən görünür ki, 2 nömrəli Regional Sukanal İdarəsi cavabdeh kimi qeyd edilmişdir. 2 nömrəli Regional Sukanal İdarəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təşkilati strukturuna daxildir və hüquqi ünvanı kimi Bakı şəhəri Moskva prospekti 67-dir. İddia da hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Belə olan halda, hazırkı işə ərazi aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsində baxılmalı olması müəyyən edilməmişdir. Bundan başqa məhkəməyə ünvanlanan iddia ərizəsi bir nüsxədən ibarət olaraq tərtib edilmiş, tələbi əsaslandıran hallara dair sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. MPM-in: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci və 152.1.3-cü maddələrin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və MPM-in 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh 2 nömrəli Regional Sukanal İdarəsinə qarşı “su sayğacının və plombun qırılması, əsassız cərimənin yazılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar