Məhkəmə qərarları › İş №2(016)-89/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-89/2025

21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-89/2025 21.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək istifadəsində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı ilə əlqədar qaz istehlakçıları kimi əsassız və qanunsuz olaraq onun adına qazdan istifadə qaydalarını pozmağına görə hesablanmış 6480 m3 qaz itkisinə dair 777,6 manat məbləğində olan cərimənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmış ev onun adına olsa da, əslində orada 15 yaşlı oğlu ilə bacısı Lumu yaşayır, həmin sayğacın istehlakçısı da odur. O isə həmin kənddə öz ailəsi ilə başqa evdə yaşayır, təsərrüfatı da faktiki olaraq başqa-başqadır. Hamı kimi oradakı sayğac da küçədə və küçə qapısının yaxınlığında quraşdırılmışdır. Qeyd edilən sayğac mexaniki sayğaclardan olmuşdur, yəni smartkarla işləyənlərdən deyildi. Qaz istismarına nəzarətçi kənddə yaşayan X1r. Ağaveyis ayda iki dəfə gəlib sayğaclara baxış edir. Bir dəfə ayın əvvəllərində gəlib sayğacları yoxlayıb gedir, ikinci dəfə isə ayın axırında öz aparatı vasitəsi ilə hamıda olduğu kimi faktiki onun adına olan sayğac üzrə nə qədər qaz işlədilib və nə qədər pul ödənişi etməsinə dair “çek” adlanan qəbz çıxarıb verilmiş, onlar da də həmin qəbz vasitəsi ilə poçtda ödənişini edirlər. Heç vaxtı nəzarətçidən sayğaca dair ona və ya bacısı Lumuya irad olmamışdır. Olmuş olsaydı nəzarətçi onu hökmən rəsmiləşdirərdi, yəni aktlaşdırardı. 2023-cü ilin axırlarında qaz istismarı idarəsinin işçiləri kənddə sayğacları dəyişdirən zamanı bacısı Lumunun olduğu evdə adına olan sayğacı dəyişdirib aparmışlar. Sayğac dəyişdirilən zamanı bacısına sayğacla əlaqədar hər hansı irad olmamışdır. Bir neçə gün bundan əvvəl nəzarətçi gəlib ona məlumat vermişdir ki, onun adına cərimə yazılıb. Sayğac aparılıb yoxlanaraq plombu qırıq olduğundan buna müvafiq itki yaranıb və ziyan hesablanıb. Odur ki, Ağsu şəhərində olan Qaz İstismarı İdarəsinə gəlib bu haqda soruşduqda orada baxıb bildirmişlər ki, həqiqətən qazdan istifadə qaydalarının pozulmasına görə 6480 m3-lik qaz itkisinə görə cərimə yazılıb. Təxminən 6-7 ay bundan əvvəl nəzarətçi çoxlu sənəd gətirib qazdan istifadəyə dair müqavilə olduğunu bildirərək hamısını izah etmişdi, o vaxt bu sənədləri ona tam göstərib cərimə yazılması izah edilməmişdi. Görünür müqavilə sənədlərinin arasında tanış edilmədən bu sənədlərə imza etmişdir. Ona yazılan 6480 m3-lik qaz itkisinə görə 777,6 manat cərimə yazılıb. Buna səbəb o göstərilib ki, sayğacı aparılıb, Bakıda labaratoriyada yoxlanılıb və aşkar edilib ki, istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və təbii qaz itkisi yaranmışdır. Aktlarda göstərilənlər tam qanunsuz və əsassısdır. Sayğacın plombu kəsilmişdirsə niyə yerində onlardan birinin və ya yaxın qohumların iştirakları ilə akt tərtib edilməmişdir. Bundan əlavə, sayğacı dəyişdirənlər əvvəla kənd icra nümayəndəsinin əmakdaşları və ya kənd üzrə qaz nəzarətçisinin və istehlakçıların iştirakları ilə sayğaca baxış keçirib nöqsan barədə akt tərtib etməli idilər. Hesablama mexanizminin üzərində olan zavod plombu gözlə görünən yerdədir. Necə olur ki, sayğacı dəyişdirən işçilər mütəxəssis kimi plombun kəsik olub-olmamasını görmür. Plomp sayğacın görünməz yerində quraşdırılmadığından onun kəsik və ya zədəli olmasını yaxından baxıldıqda bu hər kəs tərəfindən asanlıqla müşahidə ediləndir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia ərizəsinin təmin ediməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş matereallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus G4 markalı, ******* zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və təbii qaz itkisi yaranmışdır. - xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent sayğacın sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmiş və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6480 metr3 sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, Ağsu rayonu, Padar kəndində İddiaçı mənzilinə xx.xx.2023-cü il tarixdə Zenner G-4T Diafraqma markalı, 13736917 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00090-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşunun plombunun kəsilməsi və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 777,6 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 777,6 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 777,6 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar