Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-966/2023 16.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması üçün yaranmış 1.555,20 manat qanunsuz olaraq hesablanmış pulun tam olaraq silinməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin dekabr ayında Azəriqaz İB Ağsu RQİİ-nə ərizə ilə müraciət edərək Ağsu rayonu, Ağarx kədində yerləşən həyət evində qaz sayğacının düzgün işləməməsi və bir ay ərzində 295 manat pul yazması haqqında məlumat vermişdir. Bunun əsasında xx.xx.2023-cü ildə Ağsu RQİİ-nin nümayəndələri tərəfindən ona məxsus olan həyət evində **********1 zavod nömrəli mənzilinə quraşdırılmış qaz sayğacı müvafiq akt əsasında yoxlanılmışdır. Sayğaca baxış keçirilmiş, o, əməkdaşlara sayğacın düzgün işləmədiyini bildirmişdir. Cavabdehin iki əməkdaşı gəlib onun kənddəki evində olan sayğacı söküb özləri ilə aparmışlar. Onlardan sayğacı hara söküb apardıqlarını soruşduqda, əməkdaşlar ona ərizəsinə əsasən sayğacının yeni smart sayğacla əvəz olunacağını, 295 manat borcu olduğunu bildirmişlər. O, 295 manatı ödəmiş, bundan təxminən 3-4 ay sonra qaz idarəsindən ona ünvanlanmış məktubda 1.555,20 manat borcu olduğu bildirilmişdir. Sayğacın müayinəsi laborotoriyasının qaz sayğacının yoxlanması barədə xx.xx.2023-cü il tarixli akta əsasən G-4 markalı, **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı sol üst hissəsi gövdədən aralanıb və təbii qaz itkisi yaranmışdır. Sayğacın hesablama mexanizmi iş prinsipinə mane törədilməsi mümkündür, sayğac istismara yararlıdır. Qüsura görə qaz idarəsi müdaxilə-sözləri yazılmışdır. Sayğac cavabdehin əməkdaşları tərəfindən həyət evindən kənarda quraşdırılmışdır. Dövlət yoxlaması aktından da görünür ki, qaz sayğacında insan əli ilə yaranan heç bir müdaxilə olmamışdır. Cavabdeh tərəfindən düzgün quraşdırılmayan sayğacın, qazın həcminə görə hesablanmış 1.555,20 manat pulun ödənilməsini ondan tələb etmək ədalətsizlikdir. Cavabdehin əməkdaşları qərəzli və əsassız olaraq akt tərtib etmiş, ona 1.555,20 manat cərimə yazmışlar. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhəkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus G4 mexaniki markalı, **********1 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Azəriqaz İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağı sol üst hissəsi gövdədən aralanıb və təbii qaz itkisi yaranmışdır. - xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent sayğacın hesablama mexanizminin qoruyucu qapağı sol üst hissəsi gövdədən aralanıb və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 12.960 kub metr sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, Ağsu rayonu, Ağarx kəndində İddiaçı mənzilinə xx.xx.2022-ci il tarixdə Zenner G4T smart markalı, **********281 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00810-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının sol üst hissəsinin gövdədən aralanması və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 1.555,20 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Ağsu X2 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 1.555,20 manat məbləğində cərimə silinməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 1.555,20 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-966/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-966/2023
16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver