Məhkəmə qərarları › İş №2(016)-983/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-983/2025

25.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-983/2025 25.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu X5 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 1315,8 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 Ağsu Xidmət Sahəsi onun yaşadığı Ağsu rayonu, Kəndoba kəndində yerləşən ünvanına smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin vaxtdan bu günə kimi həmin sayğaca xidmət və nəzarəti də məhz X4 Ağsu Xidmət Sahəsi tərəfindən həyata keçirilir. Həmin sayğaca müvafiq qaydada yüklədiyi qazı istifadə edirlər. Yəni demək istəyir ki, həmin sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamışdır. Bundan əlavə onu da nəzərə çatdırır ki, həmin sayğac küçədə quraşdırıldığından ona nəzarət etmək onun iradəsindən kənardır. Odur ki, itirilmiş qazın bərpası üçün hesablanmış 1315,8 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş, elektron ərizə ünvanlayaraq işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onların iştirakı olmadan məhkəmə icıaslarının keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2025-ci il tarixli ******* saylı aktından görünür ki, xx.xx.2025-ci il tarixli 0733/2025 nömrəli akta əsasən sayğaca saat 15:56-da vizual olaraq baxış keçirildi. Sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. Qüsura görə müdaxilə. - 30.05.2025-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx"-MMC-nin Qaz sayğacının yoxlanılması barədə xx.xx.2025-ci il tarixli DYM 0733/2025/01 №-li Aktına əsasən G-4 markalı **********8 №-li sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib bə təbii qaz itkisi yaranmışdır. 1 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, 1 ədəd dəmir sobası maksimal saatlıq qaz sərfi 1,4 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, 1 ədəd axımlı su qızdırıcısı 24 lt maksimal saatlıq qaz sərfi 2,4 kub m/saat, orta günlük iş rjimi 12 saat və hesabat müddəti 90 gn qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 0,8*12*90=864, 1,4*12*90=1512, 2,4*12*90=2592 kub metr sərfiyyat hesablanmışdır. - xx.xx.2025-ci il tarixli, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Müqavilə üzrə Paylayıcı adlanacaq Cavabdeh İB şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı adlanacaq İddiaçı şəxsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq Müqavilə bağlamışlar. Müqavilənin 1ci maddəsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 1315,8 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğacda nasazlıq olmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixli ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Ağsu X5 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 1315,8 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 33,16 (otuz üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ağsu X5 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında iddiaçı X1 itirilmiş qazın bərpası üçün hesablanmış 1315,8 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 33,16 (otuz üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar