Məhkəmə qərarları › İş №2(017)-103/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-103/2024

09.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-103/2024 09.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçı Ağcabədi bələdiyyəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Ağcabədi bələdiyyəsinin Cavabdeh qarşı “yardımçı binanın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağcabədi bələdiyyəsi Cavabdeh qarşı “yardımçı binanın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ağcabədi bələdiyyəsinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh məxsus Ağcabədi şəhəri, Heydər Əliyev prospektində dövlət mülkiyyətinə aid və istifadəsində olan 0,03142 ha torpaq sahəsində 292,9 kv.metr qeyri-yaşayış binası olan ticarət obyekti 26 dekabr 2009-cu il tarixdən fəaliyyət göstərir. Bu barədə onun adına çıxarış da verilmişdir. Cavabdeh sözügedən bu ticarət obyektinin arxasında yerləşən Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsində 42 kv.metr ölçüdə yardımçı bina tikmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda sözü gedən torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğunu qeyd etmişdir. Həmin əraziyə baxış keçirilən zamanda tikili inşa olunduğu müəyyən olunmuşdur. Bununla yanaşı qeyd etmək istəyir ki, mübahisəli ərazinin də daxil olduğu 50 kv.metr torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair sonuncu ilə Ağcabədi bələdiyyəsi arasında 09 yanvar 2015-ci il tarixli müqavilə bağlanmışdır. Hazırda həmin müqavilə qüvvədədir. Həmin müqavilənin şərtlərinə görə Ağcabədi bələdiyyəsi Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsini tikinti aparmaq üçün şəhər salma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında normativ hüquqlara əsasən eləcə də torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi şərti ilə 30 il müddətinə cavabdehə icarəyə vermişdir. Bir müddət Cavabdeh icarə haqqını ödəmədiyinə görə yaranmış borc hesablanaraq tutulub bələdiyyənin hesabına ödənilməsi barədə Ağcabədi bələdiyyəsi qərar qəbul etmişdir. Həmin qərar icra olunmuş, hazırda Cavabdeh Ağcabədi bələdiyyəsinə icarə haqqı borcu yoxdur. İcarə haqqı hər ay davamlı şəkildə bələdiyyənin hesabına ödənilir. Qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi onun tərəfindən qanuni əsaslarla istifadə olunur. Mübahisəli ərazinin də daxil olduğu 50 kv.metr torpaq sahəsinin onun icarəsinə verilməsinə dair onunla Ağcabədi bələdiyyəsi arasında 09 yanvar 2015-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Ağcabədi bələdiyyəsi Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən 50 kv.metr torpaq sahəsini tikinti aparmaq üçün şəhər salma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında normativ hüquqlara əsasən eləcə də torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi şərti ilə 30 il müddətinə ona icarəyə vermişdir. Doğrudur bir müddət icarə haqqı ödənişlərində gecikmələr olmuş, yaranmış borc hesablanaraq tutulub bələdiyyənin hesabına ödənilməsi barədə Ağcabədi bələdiyyəsi qərar qəbul etmişdir. Həmin qərar icra olunmuş, hazırda onun Ağcabədi bələdiyyəsinə icarə haqqı borcu yoxdur. İcarə haqqı hər ay onun tərəfindən davamlı şəkildə bələdiyyənin hesabına ödənilir. Qaldı ki, Ağcabədi bələdiyyəsi tərəfindən onun icarəsinə verilmiş torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyildir. Eyni zamanda icarəsinə verilmiş torpaq sahəsindən müqavilənin şərtlərinə uyğun istifadə edir. Onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də hesab edir ki, iddiaçının iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları hüquqi cəhətdən qiymətləndirib hesab edir ki, iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Heydər Əliyev prospektində 0,03142 ha torpaq sahəsində (torpaq sahəsinin mülkiyyət növü –dövlət) yerləşən ümumi sahəsi 292,9 kv.metr olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Mülki işin materiallarında olan 09 yanvar 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Ağcabədi bələdiyyəsi Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən 50 kv.metr torpaq sahəsini tikinti aparmaq üçün şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında normativ hüquqlara əsasən eləcə də torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi şərti ilə 30 il müddətinə Cavabdeh icarəyə vermişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçı Ağcabədi bələdiyyəsi Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən 42 kv.metr mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına tutulmasına və özbaşına tikinti işləri aparmasına dair hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 09 yanvar 2015-ci il tarixli müqaviləyə əsasən sözü gedən torpaq sahəsi də daxil olmaqla Ağcabədi bələdiyyəsi Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən 50 kv.metr torpaq sahəsini tikinti aparmaq üçün şəhər salma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında normativ hüquqlara əsasən eləcə də torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi şərti ilə 30 il müddətinə Cavabdeh icarəyə vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Ağcabədi bələdiyyəsinin Cavabdeh qarşı “yardımçı binanın sökülməsi” tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ağcabədi bələdiyyəsinin Cavabdeh qarşı “yardımçı binanın sökülməsi” tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar