Məhkəmə qərarları › İş №2(017)-1056/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1056/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1056/2023 04.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 806,04 manat əsas borcun, 339,40 manat gecikdirilmiş mükafatın, 592,47 manat dəbbənin, 5389,39 manat avtomobilə dəymiş zərərin, inzibati cərimələrə görə ödənilmiş 452,40 manat, həmçinin ödənilmiş 95,80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-5031 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX“ markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801903 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə№3) əsasən lizinq alan-Cavabdeh illik 23 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla 373,40 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 5389,39 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-5031 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə 806,04 manat gecikdirilmiş əsas, 339,40 manat gecikdirilmiş mükafat, hesablanmış 592,47 manat dəbbə pulu, cəmi 1737,91 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar LX” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü X5 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu fakt DYPİ-nin elektronportaldan alınmış çıxarışlar təsdiq edir. Həmin protokollara görə ümumilikdə 452,40 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Ona görə də Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS- 5031 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə etməsinə görə xx.xx.2023-cü il tarixə İddiaçı MMC-nin xeyrinə 806,04 manat əsas borcun, 339,40 manat gecikdirilmiş mükafatın, 592,47 manat dəbbə pulunun, lizinq obyektinin təmir-bərpası üçün 5389,39 manat dəymiş zərərin, inzibati cərimələrə görə ödənilmiş 452,40 manat pulun, ümumilikdə 7579,70 manat məbləğində pulun, həmçinin ödənilmiş 95,80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bu halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, MAS-5031 nömrəli “Daxili lizinq” müqaviləsinin və təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMCyə məxsus “Khazar LX” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, MAS-5031 nömrəli “Daxili lizinq” müqaviləsinin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləği 14750 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 23 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişləri isə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən həyata keçirilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, “Khazar LX” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən təhvil alınmış və saxlanca qəbul olunmuşdur. Nəqliyyat vasitələrinin əzilmiş hissələri həmin aktda qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş TP ******* nömrəli elektron qərarın surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə “Khazar LX” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı MMC/servisin verdiyi xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Khazar LX” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə servis mərkəzində ilkin texniki baxış keçirilmiş, baxış zamanı dəymiş zərərin məbləği: ehtiyat hissələri – 3194,40 manat, təmir və dəyişdirilmə işlərinə görə ümumi xidmət haqqı - 1620 manat, əlavə dəyər vergisi 574,99 manat olmaqla, cəmi 5389,39 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli 727 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, MAS-5031 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 806,04 manat, mükafat borcu 339,40 manat və cərimə borcu 592,47 manat, cəmi borcu 1737,91 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 95,80 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş inzibati xətalara dair qəbul olunmuş protokol və qərarlara, həmçinin ödəniş qəbzlərinin surətindən görünür ki, “Khazar LX” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh sahiblik və istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü X5 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 452,40 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-5031 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX“ markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801903 ban nömrəli, ağ rəngli avtomobil 14750 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə№3) əsasən Cavabdeh illik 23 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla 373,40 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 5389,39 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS- 5031 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə 806,04 manat gecikdirilmiş əsas, 339,40 manat gecikdirilmiş mükafat, hesablanmış 592,47 manat dəbbə pulu, cəmi 1737,91 manat borcu yaranmışdır. Həmçinin cavabdeh kredit borcunu ödəmədiyinə görə “Khazar LX” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən geri təhvil alınmış və saxlanca qəbul olunmuşdur. “Khazar LX” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə servis mərkəzində ilkin texniki baxış keçirilmiş, baxış zamanı dəymiş zərərin məbləği: ehtiyat hissələri – 3194,40 manat, təmir və dəyişdirilmə işlərinə görə ümumi xidmət haqqı - 1620 manat, əlavə dəyər vergisi 574,99 manat olmaqla, cəmi 5389,39 manat müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 95,80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, “Khazar LX” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh sahiblik və istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü X5 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 452,40 manat məbləğində pul ödənilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrəlizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndindən görünür ki, lizinq alan texnikaların istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan qrafikə uyğun olaraq ödənişləri həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi, yəni lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri vaxtında yerinə yetirməyə borcludur. Lakin cavabdeh lizinq ödənişini tam ödəməyərək üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi 806,04 manat əsas borcun və 339,40 manat mükafat borcunun ödənilməsi hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. İddia tələbinin hesablanmış 592,47 manat məbləğində cərimə pulunun tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, lizinq alan daxili maliyyə lizinqi müqaviləsi üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində lizinq verən müqavilə şərtinə əsasən 592,47 manat məbləğində cərimə pulu hesablamışdır. Göründüyü kimi lizinq verən cərimə pulunu hesablayarkən müqavilə şərtlərinə istinad etmiş, lakin həmin cərimə pulu miqdarının cari borca münasibətdə tənasübsüz surətdə yüksək olması halını nəzərə almamışdır. Deməli məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin hesabladığı cərimə məbləği qanunvericiliyin tələblərinə görə tənasübsüz surətdə yüksək cərimə kimi qiymətləndirilməlidir. Bu halda məhkəmə hesab edir ki, hesablanmış 592,47 manat məbləğində cərimə pulu azaldılmalı, cavabdeh tərəfindən ödəniləcək cərimə məbləği 30 manat məbləğində müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1.4-cü bəndinə əsasən lizinq alan tərəfindən nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi halı müqavilənin şərtlərinin pozulması halı hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı lizinq ödənişinin, mükafatın, cərimənin, həmçinin zərərin ödənilməsini tələb etməkdə qismən haqlı olmuşdur. Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-5031 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-nin xeyrinə 806,04 manat əsas borc, 339,40 manat mükafat borcu və 30 manat cərimə borcu, 5389,39 manat dəymiş zərər, inzibati cərimələrə görə ödənilmiş 452,40 manat, həmçinin ödənilmiş 95,80 manat dövlət rüsumu alınmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-5031 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə yaranmış 806,04 manat əsas borc, 339,40 manat mükafat borcu və 30 manat cərimə borcu, 5389,39 manat dəymiş zərər, inzibati cərimələrə görə ödənilmiş 452,40 manat, cəmi 7017,23 manat məbləğində pul, həmçinin ödənilmiş 95,80 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiənə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar