Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1126/2025 13.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın və hesablanmış cərimənin" ləğv edilməsi tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın və hesablanmış cərimənin" ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi şəhərində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan onun evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində xx.xx.2024-cü il tarixdə 365602 nömrəli akt yazmışdır. Həmin akt yazılmasında onun iştirakı təmin olunmamışdır. Barəsində yazılmış protokolda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş naqilini zədələyərək elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktın tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq akt tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən hazırda onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 365602 nömrəli aktın ləğv edilməsinə və həmin akta əsasən hesablanmış 1541,50 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddiaya qarşı etiraz göndərərək, həmin etirazında göstərmişdir ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı İddiaçı elektrik sayğacının faza qrifti əriyib yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Bu isə “EEİQ”-nın 8.17-ci, həmçinin “EQQQ”-nin İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmış və nəticədə elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli R 365602 nömrəli akt tərtib edilərək hesabat aparılmışdır. Həmin hesabata əsasən: 8,3 kvt x 24 saat x 0,7 x 90 gün = 12550 kvts Tarif (-600 kvts x 0,08 manat = 48 manat, Tarif (-300 kvts x 0,09 manat = 27 manat, Tarif (-11650 kvts x 0,13 manat = 1514,50 manat, Cəmi: 1589,50 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 12550 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Ona görə də iddiaçı barəsində tərtib olunmuş akt mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2024-cü il tarixli 365602 nömrəli aktın ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə də tərtib edilmiş 365602 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********01461 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent elektrik sayğacının faza qrifti əriyib yararsız vəziyyətə olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********01461 olan İddiaçı Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona 365602 nömrəli akta əsasən 1589,50 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Hacıyeva X1 şəhərində qeydiyyatda olmaqla hazırda özünə məxsus evdə yaşayır. Sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı qeydiyyatda olduğu və hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən 365602 nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********01461 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent elektrik sayğacının giriş naqilini zədələyərək elektrik enerjisindən sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektirik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 365602 nömrəli akt əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 90 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 90 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. 2,0 kvt x 30 gün x 24 saat x 0,7 = 1008 x 0,09 manat = 90,72 manat. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********01461 olan abunəçiyə xx.xx.2024-cü il tarixli 365602 nömrəli akta əsasən 90,72 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq hesablanmış 1589,50 manatın 1498,78 manat (1589,50 – 90,72) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********01461 olan abunəçiyə (İddiaçı) xx.xx.2024-cü il tarixli 365602 nömrəli akta əsasən hesablanmış 1589,50 manat sərfiyyatın 1498,78 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1126/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1126/2025
13.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver