Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1314/2025 18.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Barışıq sazişinin təsdiq edilməsi tələbinə dair Ərizəçi ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 26 avqust 2024-cü il tarixli, MÇC/MT020/2024-00888, № ******* saylı barışıq sazişinin 5-ci bəndinin, yəni “Birinci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından 06 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimenti ikinci tərəfə (Ərizəçi) ödəməyi öhdəlik götürür” hissəsinin təsdiq edilməsi və həmin alimentin məbləğinin bu günə olan minimum əmək haqqı məbləğinə indeksasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 29 iyun 2021-ci il tarixdə rəsmi nikaha girməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından 06 may 2022-ci il tarixdə X3 adlı bir nəfər uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə münasibətləri puzulmuş və Maraqlı şəxs ilə aralarında mediasiya prosesində razılaşaraq bazışıq sazişi bağlamışlar. Sazişin 5-ci bəndinə əsasən Maraqlı şəxs birgə nikahından 06 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimenti ona ödəməyi öhdəlik götürmüşdür. Lakin, sazişin imzalanmasından 6 aydan çox vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs “Barışıq sazişi”ni könüllü şəkildə icra etməmişdir. Hazırda uşağın saxlanılmasında çətinlik çəkir və alimentə ehtiyacı vardır. Ona görə də Maraqlı şəxs ilə aralarında bağlanmış 26 avqust 2024-cü il tarixli, MÇC/MT020/2024-00888, № ******* saylı barışıq sazişinin 5-ci bəndinin, yəni “Birinci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından 06 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimenti ikinci tərəfə (Ərizəçi) ödəməyi öhdəlik götürür” hissəsinin təsdiq edilməsi və həmin alimentin məbləğinin bu günə olan minimum əmək haqqı məbləğinə indeksasiya edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Ərizəçi və Maraqlı şəxs məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Ərizəçi və Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 26 avqust 2024-cü il tarixli, MÇC/MT020/2024-00888, № ******* saylı barışıq sazişindən görünür ki, saziş imzalandıqdan sonra Maraqlı şəxs 19 sentyabr 2019-cu il tarixdə X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş bağlanarkən digər şəxslərin hüquqlarına toxunmamışdır. Hazırda da, Maraqlı şəxs barışıq sazişi üzrə razılaşdırılmış alimenti ödəmədiyindən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Ərizəçi aliment məbləğinin bu günə olan minimum əmək haqqı məbləğinə indeksasiya edilməsini də məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, alimentin məbləğinin minimum əmək haqqı məbləğinə indeksasiya edilməsi məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında həyata keçirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 26 avqust 2024-cü il tarixli, MÇC/MT020/2024-00888, № ******* saylı barışıq sazişinin 5-ci bəndinin “Birinci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından 06 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimenti ikinci tərəfə (Ərizəçi) ödəməyi öhdəlik götürür” hissəsi təsdiq olunmalı və ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 26 avqust 2024-cü il tarixli, MÇC/MT020/2024-00888, № ******* saylı barışıq sazişinin 5-ci bəndinin “Birinci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından 06 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimenti ikinci tərəfə (Ərizəçi) ödəməyi öhdəlik götürür” hissəsi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1314/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1314/2025
18.04.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver