Məhkəmə qərarları › İş №2(017)-1498/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1498/2025

25.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1498/2025 25.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, ailə üzvüləri ilə birlikdə 2010-cu iolin aprel ayından 2024-cü ilin oktyabr ayınadək Ağcabədi rayonunun Hindarx qəsəbəsində ona məxsus fərdi yaşayış evində yaşamamışdır. 2017-ci ilin noyabr ayında Azərişıq ASC-nin Ağcabədi rayon X2 qəsəbəsi üzrə nəzarətçisi onun mobil nömrəsinə zəng edərək, ona məxsus olan işıq sayğacının istismar müddətinin başa çatdığını və dəyişiləcəyini bildirib dəyişmişdilər. Həmin zaman o, işi ilə əlaqədar Ağcabədi şəhəri E.Sacdıqov küçəsində yaşayırdı. 2024-cü ilin oktyabr ayının sonlarında ailəsi ilə birlikdə Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. 2024-cü ilin dekabr ayının əvvəllərində yenədə X1 işçiləri bildirdilər ki, Hindarx qəsəbəsində bütün fərdi yaşayış evlərinin işiq sayğacları dəyişdiriləcəkdir. Həmin vaxt onun adına olan sayğacda dəyişdirilərək Smart kart tipli sayağ quraşdırılmışdır. Həzmin zaman ona məlum olmuşdur ki, 432 manat 41 qəpik cərimə yazılıbdır. O, bununla bağlı birneç dəfə müvafiq ünvanlara ərizə ilə müraciət etsə də, heç bir nəticəsi olmamış və ona heç bir köməklik olunmamışdır. Aktın tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmişdir. Ona görə də "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktın və hesablanmış cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının 11 mart 2025 ci il tarixli, 3-15-2-8-Q-5-172/2025 saylı məktubundan görünür ki, sözü gedən aktın tərtib olunmasından beş il keçdiyindən baxılmasının mümükün olmadığı bildirilmiş, bundan əlavə ASC-yə qarşı iddia ilə məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, İddiaçı Ağcabədi rayonunun Hindarx qəsəbəsində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona 432,41 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2010-cu ilin aprel ayından 2024-cü ilin oktyabr ayınadək Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində yaşamamışdır. O, işi ilə əlaqədar həmin dövr ərzində Ağcabədi şəhəri, Eldəniz Sadıqov küçəsində yaşamışdır. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Bununla da sayğaca baxış keçirilən zaman akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2017-ci il tarixli akt və bununla əlaqədar hesablanmış sərfiyyat (cərimə) ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacına dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli 628969 nömrəli akt və bununla əlaqədar hesablanmış 432,41 manat sərfiyyat (cərimə) ləğv edilsin . Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar