Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-154/2023 09.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, iddiaçı Mustafayev Rövşən Lələkişi oğlunun və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 21 iyul 2022-ci il tarixli, AKT R 268643 saylı aktın ləğv edilməsi və hesablanmış 544 manat 94 qəpik məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, 85 saylı ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı onun adınadır. Hər ay sayğacdakı enerji sərfiyyatına görə enerji pulunu vaxtlı - vaxtında ödəmiş və heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi ilə bağlı yazılmışdır. Sayğacın yoxlanılması barədə 21 iyul 2022-ci il tarixdə AKT R 268643 saylı akt tərtib etmiş və tərtib olunmuş akta əsasən ona 544 manat 94 qəpik məbləğində enerji sərfiyyatına görə cərimə yazılmışdır. Onun barəsində "xxxx" ASC-nin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş aktda göstərilir ki, guya elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi aşkar olunmuşdur. Onun adına qərəzçiliklə heç bir hüquqi əsası olmadan 544 manat 94 qəpik məbləğində cərimə yazıblar. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 21 iyul 2022-ci il tarixli, AKT R 268643 saylı aktın və bununla əlaqədar yazılmış cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi . Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, o, iddiaya qarşı etirazını bildirir. 21 iyul 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı İddiaçı istifadəsində olan sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi faktı aşkar olunmuş və bu isə «EEİQnın 8,17-ci, həmçinin «EQQQ-nın İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermasa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı 21 iyul 2022-ci il tarixli, AKT R 268643 saylı akt tərtib edilərək 1,6 kvt x 24 saat (0,7) x 180 gün = 4838kvts, tarif (-1200 kvtsx 0,08 man. = 96.00 man.) tarif (- 600 kvts x 0,09 man. = 54.00 man.) tarif (- 3038 kvts x 0,13 man. = 394.94 man.) cəmi 544 manat 94 qəpik məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmiş və əsaslı olaraq qanuni akt tərtib edilmişdir. İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 21 iyul 2022-ci il tarixli, AKT R 268643 saylı aktın ləğv edilməsi və hesablanmış debitor borcunun silinməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 iyul 2022-ci il tarixli, AKT R 268643 saylı aktda göstərilir ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1970-ci il tarixdə ünvan 2 ünvanda yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Ağcabədi şəhərində yaşayır. O, yaşadığı öz evində yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Buna baxmayaraq sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı istifadəsində olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 21 iyul 2022-ci il tarixli, AKT R 268643 saylı aktı düzgün yazılıb, lakin itirilən enerjiyə görə 544 manat 94 qəpik məbləğində cərimə yüksək yazıldığı üçün qismən silinməli, akta uyğun olaraq 180 günə deyil, 30 günə hesablanaraq itirilmiş enerjiyə görə 405 manat 18 qəpik məbləğində cərimə silinməli və 139 manat 76 qəpik saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 21 iyul 2022-ci il tarixli, AKT R 268643 nömrəli akta əsasən hesablanmış 544 manat 94 qəpik məbləğində cərimənin 405 manat 18 qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-154/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-154/2023
09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver