Məhkəmə qərarları › İş №2(017)-1618/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1618/2023

28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1618/2023 28.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 29 mart 2023-cü il tarixli, NDM 032169 saylı aktın ləğv edilməsi və hesablanmış 873 manat 10 qəpik məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Hindarx qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı onun adınadır. Hər ay sayğacdakı enerji sərfiyyatına görə enerji pulunu vaxtlı - vaxtında ödəmiş və heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi ilə bağlı yazılmışdır. Sayğacın yoxlanılması barədə 29 martr 2023-cü il tarixdə NDM 32169 saylı akt tərtib etmiş və tərtib olunmuş akta əsasən ona 873 manat 10 qəpik məbləğində enerji sərfiyyatına görə cərimə yazılmışdır. Onun barəsində "xxxx" ASC-nin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş aktda göstərilir ki, guya elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi aşkar olunmuşdur. Onun adına qərəzçiliklə heç bir hüquqi əsası olmadan 873 manat 10 qəpik məbləğində cərimə yazıblar. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 29 mart 2023-cü il tarixli, NDM 32169 saylı aktın və bununla əlaqədar yazılmış cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək işıq sayğacına heç vaxt müdaxilə etmədiyini, işığın sərviyyatına görə ödənişlərnini vaxtlı-vaxtında etdiyini və heç vaxt sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etmədiyini bildirib, məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi . Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddiaya qarşı etiraz göndərərək göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı İddiaçı istifadəsində olan sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi faktı aşkar olunmuş və bu isə «EEİQ-nın 8,17-ci, həmçinin «EQQQ-nın İ-V bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Qoyulmuş güc kənar xəttin en kəsiyinə əsasən (2x6 mm2 aliminium naqil) aparılmışdır. Nəticədə İddiaçı 29 mart 2023-cü il tarixli, NDM 032169 saylı akt tərtib edilərək 7.9 kvt x 24 saat (0,7) x 52 gün = 6901,44 kvts, - 343 kvts x 0,08 man. = 27,44 man. - 172 kvts x 0,09 man. = 15 manat 48 qəpik, - 6386 kvts x 0,13 man. = 830 manat 18 qəpik, cəmi 873 manat 10 qəpik məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 6901.44 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmiş və əsaslı olaraq qanuni akt tərtib edilmişdir. İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 29 mart 2023-cü il tarixli, NDM 032169 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 872 manat məbləğində cərimənin silinməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli, NDM 032169 saylı aktda göstərilir ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1985-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, hazırda da Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. O, yaşadığı öz evində yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Buna baxmayaraq sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində … hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı istifadəsində olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 29 mart 2023-cü il tarixli, NDB R 032169 saylı aktı düzgün yazılıb, lakin itirilən enerjiyə görə 873 manat 10 qəpik məbləğində cərimə yüksək yazıldığı üçün qismən silinməli, akta uyğun olaraq itirilmiş enerjiyə görə 582 manat 10 qəpik məbləğində cərimə silinməli və 291 manat saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 29 mart 2023-cü il tarixli, NDB 032169 nömrəli akta əsasən hesablanmış 873 manat 10 qəpik məbləğində cərimənin 582 manat 10 qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar