Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1855/2023 03.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Sayğacın abunə kodu onun adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlıvaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində 18 aprel 2022-ci il tarixdə 258450 nömrəli akt yazmışdır. Həmin aktın yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış aktda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktın tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq akt tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 258450 nömrəli aktın ləğv edilməsini və həmin akta əsasən hesablanmış 665,48 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddiaya qarşı etiraz göndərərək, həmin etirazında göstərmişdi ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və elektrik sayğacına baxış keçirilmişdir. Baxış keçirilən zaman məlum olmuşdur ki, həmin evə sayğac sxemindən kənar xəttindən birbaşa çəkilmişdir. Bu isə “EEİQ”-nın 8.32-ci, həmçinin “EQQQ”nin İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmış və nəticədə elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli R 258450 nömrəli akt tərtib edilərək 0,92 kvt x 24 saat x 365 gün x 0,7 = 5580 kvts Tarif (2996 kvts x 0,08 man = 329,56 manat, Tarif (2584 kvts x 0,13 man = 335,92 manat, cəmi 665,48 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Ona görə də iddiaçı barəsində tərtib olunmuş akt mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı " xx.xx.2022-ci il tarixli 258450 nömrəli aktın ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə də tərtib edilmiş 258450 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00325 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacın giriş xəttini zədələyərək sayğacdan kənar əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00325 olan X1 Ağcabədi rayonunun Hindarx qəsəbəsində olan evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona 258450 nömrəli akta əsasən 665,48 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən onun adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən 258450 nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00325 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin evində quraşdırılmış sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektirik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırda İddiaçı yaşadığı fərdi yaşayış evinin sayğacına tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 258450 nömrəli akt əsasında hesablanmış sərfiyyat bir il müddət hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 365 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 365 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. 1,0 kvt x 24 saat x 30 gün = 720 x 0,13 = 93,60 manat. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00325 olan abunəçiyə xx.xx.2022-ci il tarixli 258450 nömrəli akta əsasən 93,60 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq hesablanmış 665,48 manatın 571,88 manat (665,48 – 93,60 = 571,88) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00325 olan abunəçiyə (İddiaçı) xx.xx.2022-ci il tarixli 258450 nömrəli akta əsasən hesablanmış 665,48 manat sərfiyyatın 571,88 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1855/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1855/2023
03.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver