Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-191/2025 06.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “X1 Qaydaları”nın pozulması haqqında aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Ağcabədi Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı aktın və həmin akta əsasən hesablanmış 1770,15 manat ziyanın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı aktın və həmin akta əsasən hesablanmış 586 manat 94 qəpik cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında göstərdi ki, hazırda ailəsi ilə birlikdə Ağcabədi rayonu Avşar kəndi ərazisində yaşayır. Evinə quraşdırılmış qaz sayğacı onun adınadır. 04 oktyabr 2024-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi elektrik şöbəsinin işçiləri tərəfindən X1 etmək üçün quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən X1 qaydalarının pozulması halı aşkar etdikləri üçün akt tərtib etmişlər. Həmin aktda kənar xətt vasitəsi ilə X1 etdiyi qeyd edilmişdir. Nə o, nə də ailə üzvləri heç bir kənar xətdən istifadə etməmişlər. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Ağcabədi Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı aktın və həmin akta əsasən hesablanmış ziyanın ləğv edilməsi barədə iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə edilmiş “X1 Qaydaları”nın tələblərinə əsasən Ağcabədi rayon ərazisində yerləşən iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə Ağcabədi EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçının elektik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar olunmuşdur. Buna əsasən də, itirilmiş enerjinin bərpası məqsədi ilə 586 manat 94 qəpik dəyərində vurulmuş ziyan hesablanmışdır. İddiaçı əsas halı, yəni sayğacdan kənar xətt vasitəsi ilə X1 etməsini və bu faktın aşkar olunmasını nəzərə almayaraq 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı aktın ləğv edilməsi barədə məhkəməyə əsası olmayan iddia ilə müraciət etmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ağcabədi rayon elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyir. Ağcabədi rayon Aşağı Avşar kənd ərazisində yoxlama işləri aparılarkən İddiaçı məxsus yaşayış evinə elektrik sayğacına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonent kənar xətdən istifadə etməsi halı aşkar olunmuş və əməkdaşlar tərəfindən 04 oktyabr 2024-cü il tarixdə akt tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanması və quraşdırılması haqqında 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı aktdan görünür ki, abonent İddiaçı fərdi yaşayış evinə (ünvan:Ağcabədi rayonu Aşağı Avşar kənd ərazisi abonent kodu: **********00639) quraşdırılmış elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, X2 İddiaçı adına **********00639 saylı kodla qeydiyyata alınmış fərdi yaşayış evində itirilmiş enerji dəyəri kimi 2024-cü ilin oktyabr ayında akta əsasən 586 manat 94 qəpik borc hesablanmışdır. Məhkəmə iddiaçının və şahidin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, İddiaçı yaşadığı Ağcabədi rayon, Aşağı Avşar kənd ərazisində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi elektrik şöbəsinin işçiləri tərəfindən 04 oktyabr 2024-cü il tarixdə baxış keçirilən zaman elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə edildiyi aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı akt tərtib edilmişdir. “EEİQ”-nın tələblərinə əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı akta əsasən 90 gün müddətində ümumilikdə 586 manat 94 qəpik itirilmiş enerji dəyəri hesablanmış və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıdan tələb olunaraq iddiaçının abonent dövriyyəsinə əlavə olunmuşdur. İddiaçı 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»na riayət olunmamaqla tərtib edilməsini və fərdi yaşayış evini təmin edən elektirik sayğacından kənar xətt vasitəsi ilə istifadə etməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı aktın əsaslı olması sübut edilsə də, itirilmiş enerji dəyərinin 586 manat 94 qəpik olması məhkəmədə qismən təsdiqini tapmışdır, yəni işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində yerləşən fərdi yaşayış evinə X1 etmək üçün quraşdırılmış elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə etməsinə görə itirilmiş enerji dəyərinin neçə gün müddətinə və ya nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Belə halda itirilmiş enerji dəyərinə görə hesabat müddəti kimi hesablanmış 90 günün ən çoxu 30 gün müddətində hesablanması daha ağlabatandır. Belə ki, cavabdeh təşkilat sayğaca hər ay baxış keçirərək sərfiyyatı qeyd edib abonentə bildiriş verməlidir. Əgər sayğacda hər hansı qüsur aşkarlanarsa və ya sayğaca müdaxilə edilibsə növbəti ayda cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi elektrik sərfiyyatını çıxararkən sayğacda hər hansı qüsurun və ya sayğaca müdaxilənin olmasını aşkar etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı akt əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı tələb edilən itirilmiş enerji dəyəri kimi 586,94 manatın 1/3 hissəsini, yəni 30 gününü (586,94 manat:3=195,64 manat) 195 manat 64 qəpik tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, X1 Qaydalarının pozulması barədə 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı akta əsasən İddiaçı barəsində itirilmiş enerji dəyəri kimi hesablanmış 586,94 manat cərimə 195,64 manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 oktyabr 2024-cü il tarixli, 357771 saylı akt əsasında Ağcabədi rayonu Aşağı Avşar kənd ərazisində yaşayan İddiaçı abonent saldosuna (abonent kodu: **********00639, ünvan Ağcabədi rayonu Aşağı Avşar ərazisi) itirilmiş enerji dəyəri kimi hesablanmış 586,94 manat cərimə 195,64 manatadək azaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-191/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-191/2025
06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver