Məhkəmə qərarları › İş №2(017)-1920/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1920/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1920/2023 01.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2500 manat borcun və ödənilmiş 45 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı “Aqroservis» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 may 2022-ci il tarixli, 05/02503 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı cavabdehə icarəyə verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh 2500 manat ilkin ödəniş etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 2500 manat məbləğində borcu qalmışdır. Dəfələrlə edilmiş xərbərdarlıqlara baxmayaraq borclu 2500 manat borcunu müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 may 2022-ci il tarixli, 05/02503 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, bu müqavilə 1 ədəd SR-2045 markalı, taxılyığan kombaynın 5000 manata icarəyə verilməsi ilə bağlı iddiaçı “Aqroservis» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 28 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 may 2022-ci il tarixli, 05/02503 nömrəli operativ lizinq müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2500 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh tərəfindən 13 may 2022-ci il tarixli, 05/02503 nömrəli operativ lizinq müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına tam ödəniş aparmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, həmin müqavilə üzrə cavabdehin iddiaçıya icra edilməmiş 2500 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 2500 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2500 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2500 manat borc və ödənilmiş 45 manat dövlət rüsumu, cəmi 2545 (iki min beş yüz qırx beş) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar