Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1937/2025 06.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh olmasına dair atalıq faktının müəyyən olunması, uşağın soyadının onun soyadında saxlanması, həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay minimum əməkhaqqının 1 misli miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlə faktiki nikah münasibətlərinə girməklə 2010-cu ilin noyabr ayının 19-da ildə ailə qurmuş, nikahları qeydə alınmamışdır. Cavabdeh ilə olan faktiki nikahlarından xx.xx.2011-ci il tarixdə X3 adlı uşaqları anadan olmuş, həmin vaxt onların nikahları olmadığına görə uşağın doğum haqqında şəhadətnaməsində soyadı ananın soyadı ilə yazılmışdır. Hazırda 9 ildən artıq müddətdir ki, cavabdehlə bir yerdə yaşamır, uşaq onun yanında qalır. Bu günə kimi uşağın saxlanmasında cavabdeh heç bir maddi köməklik göstərməmişdir. Ona görə də xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh olmasına dair atalıq faktının müəyyən olunması, uşağın soyadının onun soyadında saxlanması, həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay minimum əməkhaqqının 1 misli miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, 19 noyabr 2010-cu il tarixdə İddiaçı ilə el adəti üzrə toy edərək ailə həyatı qurmuşlar. Onların faktiki nikahlarından xx.xx.2011-ci il tarixdə X3 adlı uşaqları anadan olmuş, həmin vaxt onların nikahları olmadığına görə uşağın doğum haqqında şəhadətnaməsində soyadı ananın soyadı ilə yazılmışdır. Artıq 9 il müddət olar ki, onlar ayrı yaşayırlar. O, fərdi əməklə məşğul olur ona görə uşağın saxlanması üçün 250 manat aliment ödəməyə maddi imkanı çatır. Uşağın anasının soyadında qalmasına razı deyil. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-AP 644290 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahlarından onların xx.xx.2011-ci il tarixdə Zahidə adlı uşaqları anadan olmuşdur. Uşaq anadan olduğu vaxt İddiaçı ilə Cavabdeh rəsmi nikahları olmadığına və atalıq müəyyən edilmədiyinə görə Zahidənin doğum haqqında şəhadətnaməsində ata qrafasında Cavabdeh yazılmamışdır. Hazırda iddiaçı ilə cavabdeh başqa-başqa ünvanlarda yaşayırlar. Uşaq anasının yanında qalır. Cavabdeh uşağın saxlanmasında və tərbiyəsində iştirak etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X1 atası olması müəyyən edilməlidir. Həmçinin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və uşağın mənafeyi ilə üzərinə aliment öhdəliyi qoyulan valideynin maddi imkanları arasında ədalət tarazlığına riayət olunması zərurəti nəzərə alınmaqla, məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahından xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X1 atası olması faktı müəyyən edilsin. 02 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yeni doğum haqqında şəhadətnamə verilərkən, soyadı Rəhimova və ata qrafasında onun atası Cavabdeh qeyd edilsin. Doğum haqqında yeni şəhadətnamənin verilməsi Ağcabədi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia qalan hissdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(017)-1937/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1937/2025
06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver