Məhkəmə qərarları › İş №2(017)-1971/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1971/2025

16.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1971/2025 16.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların və onların nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2021-ci il tarixli, ******* saylı və 20 dekabr 2024-cü il tarixli, ******* saylı aktların ləğv edilməsi və həmin aktlara əsasən onun abonent hesabına əlavə edilmiş 216 manat və 2436,48 manat borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayır və evinə quraşdırılmış qaz sayğacı onun adınadır. Cavabdeh Tərtər X4 İdarəsinin işçiləri 30 iyul 2021-ci il tarixli, ******* saylı akt əsasında onun adına olan qaz sayğacı ilə bağlı cərimə etmişlər. Cərimənin əsası kimi sayğacın çıxış plastmas borusunun deşilməsi göstərilmişdir. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmişlər və istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. Bundan başqa, Cavabdeh Tərtər X4 İdarəsinin işçiləri 20 dekabr 2024-cü il tarixli, ******* saylı akt əsasında onun adına olan qaz sayğacı ilə bağlı cərimə etmişlər. Həmin aktın tərtib edilməsinə səbəb kənar xətdən istifadə etməsi olmuşdur. Qaz xəttindən kənar yalnız bir neçə gün hüzr mərasimi zamanı istifadə etmişdir. Lakin, ona həddən artıq cərimə hesablanmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən evində quraşdırılan sayğaca müdaxilə olunduğu və sayğacın kənar təsir nəticəsində dəmir süzgəcinin zədəlnməsi və əks klapanın sınıq olması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 dekabr 2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən evində quraşdırılan sayğaca müdaxilə olunduğu və kənar xətt vasitəsilə təbii qazdan istifadə edildiyi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 may 2025-ci il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2021-ci ilin iyul ayında akta əsasən 216 manat və 2024-cü ilin dekabr ayında akta əsasən 2436,48 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh İB-nin Tərtər Regional Qİİ tərəfindən verilən 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********02740, ünvan: Ağcabədi rayonu, Aşağı Avşar kəndi) mövcud qaz işlədicilərinə görə 30 iyul 2021-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 2160 m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh İB-nin Tərtər Regional Qİİ tərəfindən verilən 28 dekabr 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********02740, ünvan: Ağcabədi rayonu, Aşağı Avşar kəndi) mövcud qaz işlədicilərinə görə 20 dekabr 2024-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 20304 m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı abonent saldosuna Cavabdeh işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün 30 iyul 2021-ci il tarixli, ******* saylı akt əsasında 2160 m3 qaz sərfiyyatı, yəni 216 manat cərimə, 20 dekabr 2024-cü il tarixli, ******* saylı akt əsasında 20304 m3 qaz sərfiyyatı, yəni 2436,48 manat cərimə əlavə edilmişdir. İddiaçı evində qazpaylayıcı tərəfindən qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün ilk növbədə talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün iddiaçı Cavabdeh təbii qazın talanması ilə əlaqədar cavabdeh İddiaçı cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, İddiaçı və digərlərinin təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Buradan da görünür ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübut edə bilmişdir. Belə ki, iddiaçı qaz sayğacı ilə təbii qazdan istifadə edərək sayğacın sərfiyyat göstəricisinə uyğun ödənişlər etmiş və Cavabdeh işçiləri tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. Odur ki, itirilmiş qazın dəyəri kimi hesablanmış 30 iyul 2021-ci il tarixli, ******* saylı akt əsasında 2160 m3 qaz sərfiyyatı üzrə 216 manat borc (ziyan) üzrə məsuliyyəti iddiaçının daşıması sübut olunmadığından, iddiaçıdan həmin ziyanın alınması üçün «Qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2021-ci il tarixli, ******* saylı akt əsaslı hesab edilə bilməz. Bundan başqa, məhkəmədə tədqiq olunmuş sübutlara əsasən həmçinin müəyyən olundu ki, İddiaçı yaşadığı Ağcabədi rayonu Aşağı Avşar kəndində quraşdırılmış qaz sayğacı Cavabdeh İstesalat Birliyinin əməkdaşları tərəfindən yoxlanılarkən kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. Aşkar edilmiş faktla bağlı «Qazdan istifadə qaydalarının pozulması haqqında» 20 dekabr 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən itirilmiş qazın bərpası üzrə 20304 m3 təbii qaz sərfiyyatı, təbii qazın bərpası üzrə itirilmiş təbii qazın dəyəri kimi 2436,48 manat borc hesablanmışdır. Ona görə də, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 dekabr 2024-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və onun abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı 20 dekabr 2024-cü il tarixli, ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı məhkəmədə qismən sübut edə bilmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. İşin araşdırılan halları ilə müəyyən edildi ki, abonent İddiaçı evində işlədilən qaz işlədicilərinə görə 20 dekabr 2024-cü il tarixli, ******* saylı akta əsasən 2436,48 manat borc hesablanmışdır. Həmçinin itirilmiş qazın bərpası üzrə hesablanmış qaz sərfiyyatının neçə gün müddətinə və ya itirilmiş qazın dəyərinin nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Belə olan halda itirilmiş təbii qazın bərpası üzrə hesablanmış 20304 m3 təbii qaz sərfiyyatının ən çoxu bir ay müddətində hesablanması daha ağlabatandır. Belə ki, cavabdeh təşkilat sayğaca hər ay baxış keçirərək sərfiyyatı qeyd edib abonentə bildiriş verməlidir. Əgər sayğacda hər hansı qüsur aşkarlanarsa və ya sayğaca müdaxilə edilibsə növbəti ayda cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi qaz sərfiyyatını çıxararkən sayğacda hər hansı qüsurun və ya sayğaca müdaxilənin olmasını aşkar etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, Cavabdeh 20 dekabr 2024-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı evində işlədilən qaz işlədicisinə görə itirilmiş qazın bərpası üzrə hesablanmış 20304 m3 təbii qaz sərfiyyatının on ikidə bir hissəsi (20304 m3:12=1692 m3), itirilmiş qazın dəyəri 2436,48 manatdan 203,04 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2021-ci il tarixli, ******* saylı aktı ləğv edilməli, həmin akta əsasən İddiaçı (abonent kodu: **********02740) hesabına əlavə edilmiş 216 (iki yüz on altı) manat borc silinməli, “Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 dekabr 2024-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı (abonent kodu: **********02740) işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı 20304 m3-dən 1692 m3-dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 2436 (iki min dörd yüz otuz altı) manat 48 (qırx səkkiz) qəpikdən 203 (iki yüz üç) manat 04 (dörd) qəpiyədək azaldılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2021-ci il tarixli, ******* saylı aktı ləğv edilsin, həmin akta əsasən İddiaçı (abonent kodu: **********02740) hesabına əlavə edilmiş 216 (iki yüz on altı) manat borc silinsin, “Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 dekabr 2024-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı (abonent kodu: **********02740) işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı 20304 m3-dən 1692 m3-dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 2436 (iki min dörd yüz otuz altı) manat 48 (qırx səkkiz) qəpikdən 203 (iki yüz üç) manat 04 (dörd) qəpiyədək azaldılsın. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar