Məhkəmə qərarları › İş №2(017)-222/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-222/2023

09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-222/2023 09.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “2017-ci ilin sentyabr ayında tərtib olunmuş 545977 nömrəli, 2018-ci ilin fevral ayında tərtib olunmuş 093556 nömrəli, 2020-ci ilin iyul ayında tərtib olunmuş 187996 nömrəli və 2020-ci ilin iyul ayında tərtib olunmuş 180743 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlıvaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində xx.xx.2017-ci il tarixli 545977 nömrəli akt əsasında 33,00 manat, xx.xx.2018-ci il tarixli 093556 nömrəli akt əsasında 64,13 manat, xx.xx.2020-ci il tarixli 187996 nömrəli akt əsasında 379,95 manat və xx.xx.2020-ci tarixli 180743 nömrəli akt əsasında isə 31,11 manat borc yazmışdır. Həmin aktların yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış aktlarda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktların tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq aktlar tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən hazırda onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2017ci il tarixli 545977 nömrəli akt əsasında 33,00 manat, xx.xx.2018-ci il tarixli 093556 nömrəli akt əsasında 64,13 manat, xx.xx.2020-ci il tarixli 187996 nömrəli akt əsasında 379,95 manat və xx.xx.2020-ci tarixli 180743 nömrəli akt əsasında isə 31,11 manat məbləğində hesablanmış borcun silinməsinə və həmin aktların ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə verdi və izahatında göstərdi ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli 545977 nömrəli və xx.xx.2018-ci il tarixli 093556 nömrəli aktı mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədi ilə xidməti ərazidə reyd keçirən zaman Ağcabədi rayon Xocavənd kəndində İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizatı sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı onlar həmin yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsini aşkar etmişlər. Bu isə "EEİQ" 8.32-ci, həmçinin "EQQQ"nin 1-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə ona: 08 iyul 2020-ci il tarixli 187996 nömrəli akt üzrə 0,90 kvt x 24 saat 0,7 x 300 gün = 4536 kvts, (1536 kvts x 0,11 man = 168,96 man, 3000 kvts x 0,07 man = 210,00 manat) cəmi 378,96 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4536 kvts itirilmiş elektrik enerjisinin; 24 iyul 2020-ci il tarixli 180743 nömrəli akt üzrə 1,27 kvt x 24 saat 0,7 x 16 gün = 341 kvts (160 kvts x 0,07 man = 11,20 manat, 181 kvts x 0,11 man = 19,95 manat) cəmi 31,15 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 341 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Ona görə də iddiaçı barəsində tərtib olunmuş aktlar mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktların ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının xx.xx.2017-ci il tarixli 545977 nömrəli və xx.xx.2018-ci il tarixli 093556 nömrəli aktların ləğv edilməsi və həmin aktlar üzrə hesablanmış borcun silinməsi hissəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməsindən imtina edilməsi və iddianın qalan hissədə isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə də tərtib edilmiş 093556 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00625 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə də tərtib edilmiş 187996 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00625 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə də tərtib edilmiş 180743 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00625 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00625 olan İddiaçı Ağcabədi rayonunun Avşar kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona xx.xx.2017-ci il tarixli 545977 nömrəli akt əsasında 33,00 manat, xx.xx.2018-ci il tarixli 093556 nömrəli akt əsasında 64,13 manat, xx.xx.2020-ci il tarixli 187996 nömrəli akt əsasında 378,96 manat və xx.xx.2020-ci tarixli 180743 nömrəli akt əsasında isə 31,15 manat məbləğində olmaqla ümumilikdə cəmi 507,24 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən 2017-ci ilin sentyabr ayında 545977 nömrəli, 2018-ci ilin fevral ayında 093556 nömrəli, 2020-ci ilin iyul ayında 187996 nömrəli və 2020-ci ilin iyul ayında 180743 nömrəli aktlar tərtib olunmuşdur. İddiaçı 545977 nömrəli akt əsasında 33,00 manat, 093556 nömrəli akt əsasında 64,13 manat, 187996 nömrəli akt əsasında 378,96 manat və 180743 nömrəli akt əsasında isə 31,15 manat məbləğində olmaqla ümumilikdə cəmi 507,24 manat məbləğində sərfiyyat hesablanmışdır. Aktlar tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00625 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Cavabdehin nümayəndəsi 545977 və 093556 nömrəli aktlar üzrə iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan həmin hissədə imtina barəsində, digər 187996 və 180743 nömrəli aktlar üzrə isə iddia tələbi qanunsuz və əsasız olduğuna görə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Konstitusiya Məhkəməsinin “H. Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyun 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektirik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 2020-ci ilin iyul ayında 187996 nömrəli və 2020-ci ilin iyul ayında 180743 nömrəli aktlar əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 300 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 300 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “2017-ci ilin sentyabr ayında tərtib olunmuş 545977 nömrəli, 2018-ci ilin fevral ayında tərtib olunmuş 093556 nömrəli, 2020-ci ilin iyul ayında tərtib olunmuş 187996 nömrəli və 2020-ci ilin iyul ayında tərtib olunmuş 180743 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının “2017-ci ilin sentyabr ayında tərtib olunmuş 545977 nömrəli və 2018-ci ilin fevral ayında tərtib olunmuş 093556 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi” hissəsində iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın həmin hissədə təmin edilməsindən imtina edilməli, iddia tələbi 2020-ci ilin iyul ayında tərtib olunmuş 187996 nömrəli və 2020-ci ilin iyul ayında tərtib olunmuş 180743 nömrəli aktların ləğv edilməsi və həmin aktlar üzrə hesablanmış borcların silinməsi hissəsində qismən təmin edilməli, abunə kodu **********00625 olan abunəçiyə 2020-ci ilin iyul ayında 187996 nömrəli akt üzrə 0,90 kvt x 24 saat x 0,7 x 30 gün = 453,6 x 0,11= 49,9 manat, 2020-ci ilin iyul ayında 180743 nömrəli akt üzrə 1,27 kvt x 24 saat x 0,7 x 16 gün = 341,38 x 0,11= 37,55 manat, iki akt üzrə cəmi 87,45 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq iki akt üzrə hesablanmış cəmi 410,11 manatın 322,66 manat (410,11 – 87,45) hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “2017-ci ilin sentyabr ayında tərtib olunmuş 545977 nömrəli, 2018-ci ilin fevral ayında tərtib olunmuş 093556 nömrəli, 2020-ci ilin iyul ayında tərtib olunmuş 187996 nömrəli və 2020-ci ilin iyul ayında tərtib olunmuş 180743 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının “2017-ci ilin sentyabr ayında tərtib olunmuş 545977 nömrəli və 2018-ci ilin fevral ayında tərtib olunmuş 093556 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi” hissəsində iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın həmin hissədə təmin edilməsindən imtina edilsin. İddia tələbi 2020-ci ilin iyul ayında tərtib olunmuş 187996 nömrəli və 2020-ci ilin iyul ayında tərtib olunmuş 180743 nömrəli aktların ləğv edilməsi və həmin aktlar üzrə hesablanmış borcların silinməsi hissəsində qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00625 olan abunəçiyə (İddiaçı) 187996 nömrəli və 180743 nömrəli aktlara əsasən hesablanmış cəmi 410,11 manat sərfiyyatın 322,66 manat hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar