Məhkəmə qərarları › İş №2(017)-2223/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2223/2025

30.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2223/2025 30.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Ərizəçinın barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə münasibətləri pozulmuş, ailə münasibətləri ilə bağlı aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 hər həftənin şənbə və bazar günləri saat 09:00-dan axşam saat 21:00-dək onun himayəsində saxlanmasına dair razılığa gəlmişlər. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaq anasının himayəsində saxlanmışdır. Bir müddət uşağı ilə görüşmüş, son bir ayda Maraqlı şəxs oğlu Kərəm Fərzəlizadə ilə ünsiyyətdə olmağına razılıq vermir. Odur ki, göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, saziş imzalandıqdan sonra Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 hər həftənin şənbə və bazar günləri saat 09:00-dan axşam saat 21:00dək atasının himayəsində saxlanmasına dair razılığa gəlmişlər. Bu barədə Maraqlı şəxs üzərinə öhdəlik götürmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Maraqlı şəxs barışıq sazişinin icrasından boyun qaçırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediatorun iştirakı ilə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə mediatorun iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 hər həftənin şənbə və bazar günləri saat 09:00-dan axşam saat 21:00-dək atasının himayəsində saxlanması barədə barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar