Məhkəmə qərarları › İş №2(017)-248/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-248/2023

15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-248/2023 15.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» X3 X6 idarəsinə qarşı 30 iyun 2022-ci il tarixli, AKT ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Hindarx qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun yaşadığı evdə quraşdırılmış qaz sayğacı onun adınadır. O, Ağcabədi şəhərində olan yaşayış evində qaz çəkilən vaxtdan son illərə kimi qazdan istifadə etmiş və qaza görə heç bir borcları olmamışdır. O, Qarabağ müharibəsi iştirakçısıdır. Onun adına olan qaz sayğacına «Azəriqaz» X1 X6 idarəsinin Ağcabədi Xidmət Sahəsinin əməkdaşları tərəfindən borcu olmaya-olmaya qaz sayğacına görə 30 iyun 2022-ci il tarixli, AKT ******* saylı akt yazılmışdır. Həmin akt guya sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi ilə bağlı yazılmışdır. Lakin nə onun və nədəki ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onun adına olan qaz sayğacı evin hasarından çöldə quraşdırılmışdır. Onlar tərəfindən sayğac həmişə qorunmuş, heç bir müdaxilə edilməmişdir. Lakin buna baxmayaraq Tərtər X6 idarəsi məsələni düzgün araşdırmadan baş vermiş hadisəyə görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuş və 30 iyun 2022-ci il tarixli, AKT ******* saylı akt əsasında onun üzərinə 172 manat 80 qəpik məbləğində cərimə yazmışdır. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də Tərtər RQİİ-ti tərəfindən yazılmış 30 iyun 2022-ci il tarixli, AKT ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və cərimənin silinməsini xahiş etdi . Cavabdeh Tərtər RQİİ-nə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək göstərdi ki, İddiaçı onun qonşusudur. Əzağaya məxsus qaz sayğacı küçədə yerləşdirilib. İstismar müddəti başa çatdığı üçün hamının qaz sayğacını dəyişdiriblər. Həmin vaxt Əzağaya məxsus sayğacında dəyişib apardılar. Həmin sayğaca nə Əzağa, nədəki onun ailə üzvləri tərəfindən heç bir müdaxilə edilməmişdir. Əzağa imkanı olmadığına görə qışda çox vaxt odun sobasından istifadə edir. İş materiallarında olan «Azəriqaz» İB Tərtər RQİİ Ağcabədi XS-si tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, AKT ******* saylı aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi ilə bağlı dəymiş ziyan məbləği abunəçi tərəfindən ödənilməlidir. İş materiallarında olan Tərtər X6 idarəsinin rəisi A.Muxtarov tərəfindən 30 iyun 2022-ci il tarixdə təsdiq edimiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və 172 manat 80 qəpik məbləğində pul ödənilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1975-ci il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş və hazırda Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş 08 may 2015-ci il tarixli, MV 003269 saylı vəsiqənin surətindən görünür ki, Səfiyev X4 müharibəsi veteranıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Səfiyev X2 rayonunun Hindarx qəsəbəsində yaşayır, yaşadığı evdə olan qaz sayğacı onun adınadır. O, həmin evdə yaşayan zaman qaz pilətəsindən istifadə edir və vaxtlı-vaxtında da qaz pulunu ödəyib. Sayğaca baxış keçirilən zaman və akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, iş materiallarından, iddiaçının və şahidin izahatlarından görünür ki, İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Bu da onu göstərir ki, qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsinin aşkar olmasında İddiaçı heç bir təqsiri olmamış və onun tərəfindən mülki hüquq pozuntusu törədilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.4.3-cü bəndinə əsasən qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər etmək istehlakçılara qadağandır. «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh tərəfindən iddia olunan mülki hüquq pozuntusunu törətməsi, yəni onun tərəfindən istifadəsi üçün quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından o, mülki məsuiyyət daşıya və mülki məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı qaz sayğacının yararsız hala salınmasında təqsiri olmadığı üçün iddia tələbi təmin edilərək, Tərtər RQİİ-nin Ağcabədi XS-si tərəfindən aşkar olunmuş nöqsanlar barədə 30 iyun 2022-ci il tarixli, AKT ******* saylı aktı ləğv edilməli və ona yazılmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Tərtər RQİİ-nin Ağcabədi XS-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 30 iyun 2022-ci il tarixli, AKT ******* saylı akt ləğv edilsin və ona hesablanmış 172 manat 80 qəpik məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar