Məhkəmə qərarları › İş №2(017)-2566/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2566/2023

07.12.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2566/2023 07.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə qeyri-rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə X2 və xx.xx.2023-cü il tarixdə X1 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə münasibətləri puzulmuş və hazırda da uşaqları özü saxlayır. Aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediatorun iştirakı ilə Maraqlı şəxs ilə aralarında xx.xx.2021-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 120 manat, cəmi 240 manat ödəməsi barədə barışıq sazişi bağlanmışlar. Lakin, Maraqlı şəxs barışıq sazişini icra etməyərək aliment ödəmir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, Ərizəçi ilə qeyri-rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə X2 və xx.xx.2023-cü ildə X1 adlı uşaqları anadan olmuşdur. Ərizəçi ilə münasibətləri puzulmuş və hazırda da uşaqlar analarının yanında yaşayırlar. Ərizəçi aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediatorun iştirakı ilə aralarında uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 120 manat, cəmi 240 manat ödəməsi barədə barışıq sazişi bağlanmışlar. Lakin, hazırda maddi imkanı olmadığı üçün barışıq sazişini icra edə bilmir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, saziş imzalandıqdan sonra Maraqlı şəxs xx.xx.2021-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 120 manat, cəmi 240 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Məhkəmə, ərizəçini və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Maraqlı şəxs barışıq sazişinin icrasından boyun qaçırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediatorun iştirakı ilə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə mediatorun iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 120 manat, cəmi 240 manat aliment ödənilməsi barədə barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar