Məhkəmə qərarları › İş №2(017)-2580/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2580/2023

06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2580/2023 06.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə mülkiyyətə verilmiş AN 292772 seriyalı, torpaq sahəsinin plan və ölçüsünə dair şəhadətnamədə Ərizəçi1 İsrafil qızı kimi göstərilmiş qeydin Ərizəçi1, X2 göstərilmiş qeydin Ərizəçi2 və X1 göstərilmiş qeydin Ərizəçi3 aid olması və şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə mülkiyyətə verilmiş AN 292772 seriyalı, torpaq sahəsinin plan və ölçüsünə dair şəhadətnamədə ərizəçilərin soyadı, adı və ata adı Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 İsrafil qızı kimi, Ərizəçi2 əvəzinə səhvən X2 və Ərizəçi3 əvəzinə səhvən X1 qeyd olunduğundan ərizəçilər hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilən AN 292772 seriyalı, torpaq sahəsinin plan və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunaraq verilmiş və hazırda da Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Ərizəçilər göstərilən sənəddə düzəliş edilməsi üçün həmin orqana müraciət etmiş və ərizəçilərin tələbinin təmin olunmasından imtina edilmişdir və ərizəçilər ümumi məhkəməyə deyil, aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçilərə izah olunmalıdır ki, göstərilən tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi1 qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizəçilərə izah olunsun ki, göstərilən tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi1 qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar