Məhkəmə qərarları › İş №2(017)-357/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-357/2024

16.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-357/2024 16.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı vərəsəlik hüququ verən şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi İddiaçı cavabdeh Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 oktyabr 2012-ci il tarixdə mərhum X5na Ağcabədi rayonu sabiq notariusu tərəfindən verilmiş vərəsəlik hüququ verən şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayır. 31 dekabr 2008-ci ildə X3 vəfat etmişdir. Anası vəfat etdikdən sonra ondan 3 otaqlı yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsi ona və qardaşları Elxan Paşayevə və mərhum Azər Paşayevə miras qalmışdır. X5 25 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. 2021-ci ilin oktyabr ayında Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət edərək anasına ölüm haqqında şəhadətnamə almışdır. Lakin, həmin şəhadətnamədə mərhum anasının soyadı, adı və ata adı X12 əvəzinə səhvən X1 qeyd edilmişdir. Düzəliş edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 549/2023 saylı qərarı ilə mərhum anasının soyadı, adı və ata adı düzəliş edilərək X4 qeyd edilmişdir. 01 avqust 2023-cü il tarixdə vərəsəlik şəhadətnaməsi almaq üçün Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə mraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. O, imtinanı əsassız hesab edir. Belə ki, qanunvericiliyə müvafiq olaraq tərəflər arasında hər hansısa mübahisə yarandığı hallarda məhkəməyə müraciət etmək hüququ vardır. X3 olduğu halda heç bir əsas olmadan tərtib edilmiş ölüm haqqında şəhadətnamədə anasının adı X1 qeyd edilərək şəhadətnamə notariusa təqdim edilmiş və notarius da heç bir araşdırma aparmadan həmin saxta ölüm haqqında şəhadətnamə əsasında vərəsəlik şəhadətnaməsi açmışdır. Mərhum anasının adına bankda pul olmuş və qardaşı Azər Paşayev həmin pulu almaq üçün notariusa müraciət etmiş və Notarius da heç bir araşdırma aparmadan saxta ölüm haqqında şəhadətnamə əsasında vərəsəlik şəhadətnamə vermişdir. Bu səbəbdən də anasından miras qalmış və hazırda onun istifadəsində olan digər əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 25 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 31 dekabr 2008-ci il tarixdə vəfat etmiş X8 miras əmlakına dair Ağcabədi rayon Dövlət Notariat Kontoru tərəfindən X13 reyestrdə 2V-1895 nömrə ilə qeyd edilmiş 12 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Notariat Kontoru tərəfindən vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair vərəsəlik işində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 31 dekabr 2008-ci il tarixdə vəfat etmiş X2 adı, adı və ata adı X1 qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-549/2023 saylı qərarından görünür ki, 05 yanvar 2009-cu il tarixli, 01 saylı ölüm haqqında şəhadətnamədə ölən şəxsin soyadı qrafasında “Ələsgərovadan” “Paşayevaya”, ata adının “Əyyub”dan “Səməd”ə düzəliş edilməsi öhdəliyi Ağcabədi rayon Qeydiyyat Şöbəsinin ürərinə qoyulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 31 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusudaxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik miras əmlakın vərəsələrə qanun və vəsiyyət üzrə olmaqla iki əsasla keçməsini müəyyən etmişdir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur və ya vəsiyyətnamə tam və ya hansısa hissədə etibarsız hesab olunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 31 dekabr 2008-ci il tarixdə vəfat etmiş X8 miras əmlakına dair Ağcabədi rayon Dövlət Notariat Kontoru tərəfindən X13 reyestrdə 2V-1895 nömrə ilə qeyd edilmiş 12 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin, həmin şəhadətnamənin verilməsinə dair vərəsəlik işində olan ölüm haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, 31 dekabr 2008-ci il tarixdə vəfat etmiş X2 adı, adı və ata adı X1 qeyd olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-549/2023 saylı qərarı ilə 05 yanvar 2009-cu il tarixli, 01 saylı ölüm haqqında şəhadətnamədə ölən şəxsin soyadı qrafasında “Ələsgərovadan” “Paşayevaya”, ata adının “Əyyub”dan “Səməd”ə düzəliş edilməsi öhdəliyi Ağcabədi rayon Qeydiyyat Şöbəsinin ürərinə qoyulmuş və həmin qərar əsasında X11 ölüm haqqında şəhadətnamə verilmişdir. Miras qoyan X12 olduğu halda X1 qeyd edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X13 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün hazırda İddiaçı anası-mərhum X6 miras qalmış digər əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 31 dekabr 2008-ci il tarixdə vəfat etmiş X8 miras əmlakına dair Ağcabədi rayon Dövlət Notariat Kontoru tərəfindən X13 verilmiş, reyestrdə 2V-1895 nömrə ilə qeyd edilmiş 12 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 31 dekabr 2008-ci il tarixdə vəfat etmiş X8 miras əmlakına dair Ağcabədi rayon Dövlət Notariat Kontoru tərəfindən X13 verilmiş, reyestrdə 2V-1895 nömrə ilə qeyd edilmiş 12 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar