Məhkəmə qərarları › İş №2(017)-462/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-462/2023

02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-462/2023 02.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN 090A kod 60809018 nömrəli Şəhadətnamənin ona və mərhum X2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 090A kod 60809018 nömrəli Şəhadətnamə ilə ona və ailə üzvlərinə (6 nəfərdən ibarət ailə üzvlərinə) Ağcabədi rayonunun Kürdlər kəndi ərazisindən 0,72 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə texniki səhv olaraq hüquq sahiblərindən onun adı “Ərizəçi” əvəzinə “X4”, mərhum atasının adı isə “X5” əvəzinə “X6” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Atası xx.xx.2002-ci il tarixdə ölmüşdür. Ondan qalan mirasın qəbul edilməsində və torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklərlə qarşılaşırlar. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 090A kod 60809018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, həmin Şəhadətnamədə mülkiyyətçi kimi 6 nəfərin adı, o cümlədən X4 və X1 adları yazılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və V-jq 427127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuşdur. İş materiallarında olan AZ 123669 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN 090A kod 60809018 nömrəli Şəhadətnamə sənədində hüquq sahiblərindən “X6”nın dəyişdirilərək “X5”, “X4”nun dəyişdirilərək “Ərizəçi” kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 090A kod 60809018 nömrəli Şəhadətnamənin 6 nəfərə, o cümlədən Ərizəçi və mərhum X2 məxsus olması toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 090A kod 60809018 nömrəli Şəhadətnamənin 6 nəfərə, o cümlədən Ərizəçi və mərhum X2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 090A kod 60809018 nömrəli Şəhadətnamənin 6 nəfərə, o cümlədən Ərizəçi və mərhum X2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar