Məhkəmə qərarları › İş №2(017)-496/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-496/2024

01.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-496/2024 01.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş 1555,20 manat borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayon, Pərioğullar kəndində yaşayır və evinə quraşdırılmış qaz sayğacı onun adınadır. Cavabdeh Tərtər X5 İdarəsinin işçiləri 10 iyul 2023-cü il tarixli, ******* saylı akt əsasında onun adına olan qaz sayğacı ilə bağlı 1555,20 manat məbləğində cərimə etmişlər. Cərimənin əsası kimi sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması göstərilmişdir. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmişlər və istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 iyul 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı Alıyev X3 rayon, Pərioğullar kəndində yerləşən evində quraşdırılan sayğaca müdaxilə olunduğu və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edildiyindən dəymiş maddi ziyanın hesablanması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 28 dekabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2023-cü ilin noyabr ayında akta əsasən 12960 m3 və ya 1555,20 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh İB-nin Tərtər Regional Qİİ tərəfindən verilən 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********03450, ünvan: Ağcabədi rayon, Pərioğullar kəndi) mövcud qaz işlədicilərinə görə 10 iyul 2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 12960 m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı abonent saldosuna Cavabdeh işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün akt əsasında 12960 m3 qaz sərfiyyatı, yəni 1555,20 manat cərimə əlavə edilmişdir. İddiaçı evində qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün ilk növbədə talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün iddiaçı Cavabdeh təbii qazın talanması ilə əlaqədar cavabdeh İddiaçı cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, İddiaçı və digərlərinin təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Buradan da görünür ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilmişdir. Belə ki, iddiaçı qaz sayğacı ilə təbii qazdan istifadə edərək sayğacın sərfiyyat göstəricisinə uyğun ödənişlər etmişdir və Cavabdeh işçiləri tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. Odur ki, itirilmiş qazın dəyəri kimi hesablanmış 12960 m3 təbii qaz sərfiyyatı və ya 1555,20 manat borc (ziyan) üzrə məsuliyyəti iddiaçının daşıması sübut olunmadığından, iddiaçıdan həmin ziyanın alınması üçün «Qazdan istifadə qaydalarının pozulması haqqında» 10 iyul 2023-cü il tarixli, ******* saylı akt əsaslı hesab edilə bilməz. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Cavabdeh tərəfindən köhnə sayğacın çıxış plastmas borusunun deşilməsində iddiaçının təqsirli olmasını və həmin halın nəticəsində iddiaçının təbii qazdan qanunsuz istifadə etməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin 10 iyul 2023-cü il tarixli, ******* saylı aktın və itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 12960 m3 təbii qaz sərfiyyatı və ya 1555,20 manat borcun əsaslı olmasını sübut edə bilməmişdir. İddiaçı isə ona hesablanmış cərimənin əsassız olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Cavabdeh “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli, ******* saylı aktı özü-özlüyündə etibarsız olduğundan abonent İddiaçı həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Ona görə də, Cavabdeh 10 iyul 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********03450) əlavə edilmiş borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilsin, həmin akta əsasən İddiaçı abonent hesabına (abonent kodu: (**********03450) əlavə edilmiş 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc silinsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar