Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-724/2023 04.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Şənlik kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlıvaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində xx.xx.2022-ci il tarixdə 283093 nömrəli akt yazmışdır. Həmin aktın yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış aktda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktın tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq akt tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən hazırda onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 283093 nömrəli aktın ləğv edilməsini və həmin akta əsasən hesablanmış 386,75 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddiaya qarşı etiraz göndərərək, həmin etirazında göstərmişdir ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı sayğacdan müdaxilə izləri aşkar olunmuşdur. Bu isə “EEİQ”-nın 7.6, 8.17-ci, həmçinin “EQQQ”-nin İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmış və nəticədə elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli 283093 nömrəli akt tərtib edilərək 5,06 kvt x 24 saat x (0,7) x 35 gün = 2975 kvts, 2975 kvts x 0,13 manat = 386,75 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 2975 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Ona görə də iddiaçı barəsində tərtib olunmuş akt mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı " xx.xx.2022-ci il tarixli 283093 nömrəli aktın ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə də tərtib edilmiş 283093 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00352 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğaca müdaxilə olunması izləri aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00352 olan İddiaçı Ağcabədi rayonunun Şənlik kəndində olan evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona 283093 nömrəli akta əsasən 386,75 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən 283093 nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00352 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğaca müdaxilə olunması izləri aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 283093 nömrəli akt əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən müddət 35 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə sayğaca müdaxilə edildiyi müddəti 35 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. 2,7 kvt x 14 saat x 30 gün x 0,7 = 793,8 kvts x 0,13 manat = 103,19 manat. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00352 olan abunəçiyə xx.xx.2022-ci il tarixli 283093 nömrəli akta əsasən 103,19 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq hesablanmış 386,75 manatın 283,56 manat (386,75 – 103,19 = 283,56) hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00352 olan abunəçiyə (İddiaçı) xx.xx.2022-ci il tarixli 283093 nömrəli akta əsasən hesablanmış 386,75 manat sərfiyyatın 283,56 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-724/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-724/2023
04.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver