Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-844/2023 22.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 999 manat əsas borcun, 555,23 manat gecikdirilmiş mükafatın, 189,79 manat cərimənin, həmçinin ödənilmiş 100,4 manat dövlət rüsumunun tutulması, tərəflər arasında bağlanmış 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli daxili lizinq müqavilələsinin ləğv edilərək, lizinq obyekti olan – “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 25 may 2021-ci il tarixli MAS-3799 nömrəli daxili lizinq müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322054 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən lizinq alan illik 23 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla 426,28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Odənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləği təşkil edir. 06 yanvar 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və MAS-3799 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh MAS-3799 nömrəli daxili lizinq müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə ümumilikdə 1744,02 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Ona görə də 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan – 2021-ci il buraxılışlı, “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322054 ban nömrəli, ağ rəngli avtomobilin İddiaçı MMC-yə qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 999 manat əsas borcun, 555,23 manat gecikdirilmiş mükafatın, 189,79 manat cərimənin, həmçinin ödənilmiş 100,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bu halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli daxili lizinq müqaviləsinin və təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş öhdəliklərin ötürülməsi haqqında xx.xx.2022-ci il tarixli, MAS-3799 nömrəli daxili lizinq müqaviləsinin surətindən görünür ki, 06 yanvar 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və MAS-3799 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləğini 16700 manat təşkil edir. Lizinq mükafatı illik 23 faiz olmaqla 48 ay müddətinə hesablanır. Lizin ödənişləri isə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən həyata keçirilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan tərəfindən müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin məhkəməyə göndərdiyi xx.xx.2023cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 999 manat, mükafat borcu 555,23 manat və cərimə borcu 189,79 manat, cəmi borcu 1744,02 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 100,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli lizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsi barədə xx.xx.2022-ci il tarixdə , MAS-3799 nömrəli müqavilə bağlanmış, 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş, “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq müqaviləsinin əsas məbləği 16700 manat təşkil etmiş, lizinq mükafatı illik 23 faiz olmaqla 48 ay müddətinə hesablanmışdır. Lizin ödənişləri isə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən həyata keçirilmişdir. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdehin 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 999 manat, mükafat borcu 555,23 manat və cərimə borcu 189,79 manat, cəmi borcu 1744,02 manat təşkil edir. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 100,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndindən görünür ki, lizinq alan texnikaların istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan qrafikə uyğun olaraq ödənişləri həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi, yəni lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri vaxtında yerinə yetirməyə borcludur. Lakin, o, ümumilikdə 23862 manat məbləğində lizinq ödənişini tam ödəməyərək üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi 999 manat əsas borcun və 555,23 manat mükafat borcunun ödənilməsi hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. İddia tələbinin hesablanmış 189,79 manat məbləğində cərimə pulunun tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, lizinq alan daxili maliyyə lizinqi müqaviləsi üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində lizinq verən müqavilə şərtinə əsasən 189,79 manat məbləğində cərimə pulu hesablamışdır. Göründüyü kimi lizinq verən cərimə pulunu hesablayarkən müqavilə şərtlərinə istinad etmiş, lakin həmin cərimə pulu miqdarının cari borca münasibətdə tənasübsüz surətdə yüksək olması halını nəzərə almamışdır. Deməli məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin hesabladığı cərimə məbləği qanunvericiliyin tələblərinə görə tənasübsüz surətdə yüksək cərimə kimi qiymətləndirilməlidir. Bu halda məhkəmə hesab edir ki, hesablanmış 189,79 manat məbləğində cərimə pulu azaldılmalı, cavabdeh tərəfindən ödəniləcək cərimə məbləği 10 manat məbləğində müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1.4-cü bəndinə əsasən lizinq alan tərəfindən nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi halı müqavilənin şərtlərinin pozulması halı hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı müqavilənin ləğv edilərək, lizinq obyektinin geri qaytarılmasını, lizinq ödənişinin və cərimənin ödənilməsini, həmçinin lizinq obyekti olan texnikaların qaytarılmasını tələb etməkdə qismən haqlı olmuşdur. Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 999 manat əsas borc, 555,23 manat mükafat borcu və 10 manat cərimə borcu, ödənilmiş 100,4 manat dövlət rüsumu alınmalı, bağlanmış 25 may 2021-ci il tarixli, MAS- 3799 nömrəli müqavilə ləğv edilərək lizinq obyekti olan “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli lizinq müqaviləsi üzrə yaranmış 999 manat əsas borc, 555,23 manat mükafat borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 1564,23 manat məbləğində borc, həmçinin ödənilmiş 100,4 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. 25 may 2021-ci il tarixli, MAS-3799 nömrəli müqavilə ləğv edilsin. Lizinq obyekti olan “Khazar SD” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiənə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-844/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-844/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver