Məhkəmə qərarları › İş №2(017)-875/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-875/2025

03.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-875/2025 03.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağcabədi rayonunun Qaraxanlı kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində xx.xx.2024-cü il tarixdə R 347717 nömrəli akt yazmışdır. Həmin aktın yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış aktda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktın tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq akt tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən hazırda onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2024-cü il tarixdə R 347717 nömrəli akta əsasən hesablanmış 1381,44 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, işin baxılmamış saxlanması üçün əsaslar yoxdur. Belə ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb edir. Ona görə də məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı elektrik sayğacının giriş xəttinə müdaxilə edərək hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduğu aşkar edilmişdir. Bu isə “EEİQ”-nın 8.17-ci, həmçinin “EQQQ”-nin İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmış və nəticədə elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli R 347717 nömrəli akt tərtib edilərək hesabat aparılmışdır. Həmin hesabata əsasən: 11 kvt x 24 saat x 0,7 x 60 gün = 11088 kvts Tarif (-400 kvts x 0,08 manat = 32 manat, Tarif (-200 kvts x 0,09 manat = 18 manat, Tarif (-10488 kvts x 0,13 manat = 1363,44 manat, Cəmi: 1413,44 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 11088 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Ona görə də iddiaçı barəsində tərtib olunmuş akt mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2024-cü il tarixli 347717 nömrəli aktın ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 347717 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00063 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00063 olan İddiaçı Ağcabədi rayonunun Qaraxanlı kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona 347717 nömrəli akta əsasən 1413,44 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən 347717 nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00063 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacdan kənar xətt vasitəsi ilə elektrik şəbəkəsinə qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektirik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2024-cü il tarixli 347717 nömrəli akt əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 60 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 60 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Belə olanda xx.xx.2024-cü il tarixli 347717 nömrəli akt üzrə: 11 kvt x 16 saat x 0,07 x 30 gün = 3696 kvts Tarif (-200 kvts x 0,08 manat = 16 manat, Tarif (-100 kvts x 0,09 manat = 9 manat, Tarif (-3396 kvts x 0,13 manat = 441,48 manat, cəmi 466,48 manat. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00063 olan abunəçiyə xx.xx.2024-cü il tarixli 347717 nömrəli akta əsasən 466,48 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq akt üzrə hesablanmış 1413,44 manatın 946,96 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00063 olan abunəçiyə (İddiaçı) xx.xx.2024-cü il tarixli 347717 nömrəli akta əsasən hesablanmış cəmi 1413,44 manat sərfiyyatın 946,96 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar