Məhkəmə qərarları › İş №2(017)-945/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-945/2023

07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-945/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Tərtər X4 idarəsinə qarşı 31 may 2022-ci il tarixli, AKT ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Hindarx qəsəbəsində özünə məxsus olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış evində istifadə edilən qaz sayğacı onun adınadır. Ağcabədi rayonunun Hindarx qəsəbəsində olan yaşayış evində qaz çəkilən vaxtdan son illərə kimi qazdan istifadə etmiş və qaza görə heç bir borcu olmamışdır. Onun istifadəsində olan qaz sayğacına Cavabdeh Tərtər X4 idarəsinin Ağcabədi Xidmət Sahəsinin əməkdaşları tərəfindən onun heç bir təqsiri olmaya-olmaya onun adına olan qaz sayğacına görə ona 31 may 2022-ci il tarixli, AKT ******* saylı akt yazılmışdır. Həmin akt guya sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb üzərində aşkar olunmaması ilə bağlı yazılmışdır. Lakin nə onun, nədə ki, ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onun adına olan qaz sayğacı evin hasarından çöldə quraşdırılmışdır. Onlar tərəfindən sayğac həmişə qorunmuş, heç bir müdaxilə edilməmişdir. Lakin buna baxmayaraq Tərtər X4 idarəsi məsələni düzgün araşdırmadan baş vermiş hadisəyə görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuş və 31 may 2022-ci il tarixli, AKT ******* saylı akt əsasında onun üzərinə 518 manat 40 qəpik məbləğində cərimə yazmışdır. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də Cavabdeh Tərtər RQİİ-ti tərəfindən yazılmış 31 may 2022-ci il tarixli, AKT ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək heç bir vaxt sayğaca müdaxilə etmədiklərini bildirib, məhkəmədən iddianın təmin olunmasını və cərimənin silinməsini xahiş etdi . Cavabdeh İB Tərtər RQİİ-nə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Cavabdeh İB Tərtər RQİİ Ağcabədi XS-si tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, AKT ******* saylı aktdan görünür ki, İddiaçı məxsus qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb üzərində aşkar edilməməsi nəticəsində dəymiş ziyan məbləği abunəçi tərəfindən ödənilməlidir. İş materiallarında olan Cavabdeh İB Tərtər X4 idarəsinin rəisi A.Muxtarov tərəfindən 31 may 2022-ci il tarixdə təsdiq edimiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibirləşmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 31 may 2022-ci il tarixli, 29/1710-02097-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb üzərində aşkar olunmadı. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 4320 m3 həcmində müəyyən edilmiş və hesablanmış məbləğin sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci il üzrə İddiaçı qazdan istifadə borcu, 2022-ci ilin may ayında akt üzrə 518 manat 40 qəpik məbləğində cəriməsi vardır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş və hazırda Ağcabədi rayounun Hindarx qəsəbəsində yaşayır. Göründüyü kimi iddiaçının sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun üzərində olmaması aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: - Qaz sayğacının nominal qaz sərfi 4 kub metr, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, yəni 4 x 12 x 90 = 4320 m3 x 012 manat = 518.40 manat məbləğində hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi 4 k/m, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Bu da istehlakçının və onun ailəsinin maddi vəziyyətini həddən artıq ağırlaşdırmaqla yanaşı, həmçinin ailəni çətin duruma salmışdır. Aparılmış hesabat istehlakçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsinə adekvat olmamışdır. Ona görə də məhkəmə itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfiyatının 4 k/m, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün götürülməsini ağlabatan və məntiqli hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.4.3-cü bəndinə əsasən qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər etmək istehlakçılara qadağandır. «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, istehlakçı təbii qazdan istifadə etmiş, lakin vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəmiş, lakin sayğac baxış keçirilən zaman müdaxilə edilməsi aşkar olunaraq akt yazılmışdır. Həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabat aparılarkən itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 k/m, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 31 may 2022-ci il tarixli, AKT ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kv.m, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün götürülməlidir. Belə olan halda istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabat: - Qaz sayğacının nominal qaz sərfi 4 k/m, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 4 x 12 x 30 = 1440 kub.metr x 0,12 man. = 172.00 manat məbləğində hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək istehlakçı barəsində tərtib edilmiş 31 may 2022-ci il tarixli, AKT ******* saylı akt əsasında hesablanmış 518 manat 40 qəpik cərimənin 346 manat 40 qəpik hissəsi silinməli və 172 manat saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İB Tərtər X4 idarəsinin Ağcabədi Xidmət sahəsinin tərtib etdiyi 31 may 2022-ci il tarixli, AKT ******* saylı akt əsasında **********01970 nömrəli abonent İddiaçı hesablanmış 518 manat 40 qəpik cərimənin 346 manat 40 qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar