Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-950/2023 19.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 19 fevral 2018-ci il tarixli, AKT R 093559 saylı aktın ləğv edilməsi və hesablanmış 516 manat 51 qəpik məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur, lakin o, ailə üzvləri ilə birlikdə 2012-ci ildən Lənkəran rayonunda yaşayır. Elektrik sayğacı onun adınadır. Elektrik enerjisindən istifadə olunmadığı üçün onun heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən 19 fevral 2018-ci il tarixdə onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya abonent tərəfindən elektrik sayğacının şüşəsinin xüsusi alət ilə qırılması aşkar edilmişdir. Sayğacın yoxlanılması barədə 19 fevral 2018-ci il tarixdə AKT R 093559 saylı akt tərtib etmiş və tərtib olunmuş akta əsasən onun adına 516 manat 51 qəpik məbləğində enerji sərfiyyatına görə cərimə yazılmışdır. Akt yazılan vaxtı nə onun və nədə ki, ailə üzvlərinin iştirakı olmamışdır. Onun barəsində "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş aktda göstərilir ki, guya abonent tərəfindən elektrik sayğacının şüşəsinin xüsusi alətlə qırılması faktı aşkar olunmuşdur. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 19 fevral 2018-ci il tarixli, AKT R 093559 saylı aktın və bununla əlaqədar yazılmış cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə 2012-ci ildən hazırkı vaxtadək Lənkəran rayonunda yaşayır. Arada bir ünvan 2 ünvanda yerləşən evinə gəlib nəzarət edib, yenidən Lənkəran rayonuna qayıdır. Əslində onun adına yazılmış cərimə 516 manat 51 qəpik deyil, 489 manat olmuşdur. Lakin texniki səhv olaraq 516 manat 51 qəpik göstərilmişdir. Onun adına olan işıq sayğacına yazılan cəriməni təxminən üç ay bundan əvvəl Ağcabədi şəhərində olan evinə nəzarət etməyə gələrkən xəbəri olmuş və sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nə onun və nədə ki, ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Ona görə məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1968-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, hazırda isə ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 19 fevral 2018-ci il tarixli, AKT R 093559 saylı aktdan görünür ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın şüşəsi xüsusi alətlə qırılması müdaxiləlidir. İş materiallarına əlavə edilmiş Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 6069 saylı arayışdan görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olan İddiaçı 2012-ci ildən 2022-ci ilin oktyabr ayınadək ailəsi ilə birlikdə Lənkəran rayonunda yaşamışlar. Bu illər ərzində göstərilən ünvanda yaşayış olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2012-ci ildən 2022-ci ilin oktyabr ayınadək ailəsi ilə birlikdə Lənkəran rayonunda yaşamışlar. Sayğacın şüşəsinin qırılması aşkar olunsada sayğaca nə o, nədə ki, ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində … hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı adına məxsus olan fərdi yaşayış evinin sayğacına tərtib olunmuş 19 fevral 2018-ci il tarixli, AKT R 093559 saylı aktı düzgün yazılıb, lakin itirilən enerjiyə görə 489 manat məbləğində cərimə yüksək yazıldığı üçün qismən silinməli, akta uyğun olaraq hesablanmış uzun müddətə deyil, 0.924 kvt x 24 saat x 30 gün = 665.28 x 0.11 man. = 73.18 man. hesablanaraq itirilmiş enerjiyə görə 73 manat 18 qəpik məbləğində cərimə saxlanılmalı və 415 manat 82 qəpik silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 19 fevral 2018-ci il tarixli, AKT R 093559 nömrəli akta əsasən hesablanmış 489 manat cərimədən 415 manat 82 qəpik məbləğində hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-950/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-950/2023
19.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver