Məhkəmə qərarları › İş №2(018)-1246/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1246/2023

05.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1246/2023 05.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı cavabdehlər "Azəriqaz” İstehsalat Birliyinə və "Azəriqaz” X1 X3 idarəsinə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Azəriqaz” İstehsalat Birliyinə və "Azəriqaz” X1 X3 idarəsinə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarınnın pozulması haqqında” 29 oktyabr 2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsinə, hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqrama ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsindən məlum olur ki, o, Astara rayonu, Pensər kəndində yaşayır və aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin Cavabdeh Lənkəran X3 idarəsinin Lənkəran RQİİ-nin Astara xidmət sahəsinin əməkdaşları Astara rayonunda yerləşən fərdi yaşayış evinə aid olan qaz sayğacına baxış keçirmişlər, sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsini bildirərək həmin sayğacı açıb aparmışlar. Bu barədə isə “sayğacın dəyişdirilməsi haqqında” akt tərtib etmişlər. Sonradan iddiaçının heç bir məlumatı və iştirakı olmadan cavabdeh təşkilat tərəfindən 29 oktyabr 2020-ci il tarixdə akt tərtib olunmuş və aktda çıxarılan sayğaca iddiaçı tərəfindən müdaxilə olunması göstərilmişdir. Nəticədə ona 2160 kubmetr həcmində dəymiş ziyan hesablanmışdır. Qaz sayğacı evdən kənarda yerləşdiyindən istənilən şəxs ona müdaxilə edə biləcəyini bildirmişdir. Həmçinin qaz sayğacın üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər «Azəriqaz” İstehsalat Birliyinə və «Azəriqaz” X1 X3 idarəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1937-ci il tarixdə anadan olmaqla, Astara rayonu, Pensər kəndində yaşayır. Mülki işə əlavə olunmuş Cavabdeh Lənkəran X3 idarəsi tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən məlum olur ki, İddiaçı na qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədilə 2160 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Mülki işə əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 oktyabr 2020-ci il tarixli, ******* nömrəli aktından görünür ki, qaz sayğacına baxış keçirmişlər, sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında müəyyən olundu ki, Cavabdeh Lənkəran X3 idarəsinin Lənkəran RQİİ-nin Astara xidmət sahəsinin əməkdaşları Astara rayonu, Pensər kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına baxış keçirmişlər, sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsini bildirərək həmin sayğacı açıb aparmışlar. Sonradan iddiaçının heç bir məlumatı və iştirakı olmadan cavabdeh təşkilat tərəfindən 29 oktyabr 2020-ci il tarixdə akt tərtib olunmuşdur. Nəticədə ona 2160 kubmetr həcmində dəymiş ziyan hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacların göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsirinin müəyyən olunmadığı, o cümlədən, qaz sayğacları düzgün işləmədiyi halda, itirilmiş qazın dəyərinin hesablanaraq iddiaçıdan tutulmasını məhkəmə ağlabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı, 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 qaz sayğaclarına zərər vurması, onun əməllərinin qanuna zidd olması və iddiaçının qanunazidd əməlləri ilə nəticəsi arasında səbəbli əlaqənin olması işin mötəbər sübutları ilə sübuta yetirilmədiyindən, Cavabdeh Lənkəran X3 idarəsinin Astara xidmət sahəsi iddiaçıdan itirilmiş qazın bərpası üçün borcu və yeni qaz sayğacının dəyərini tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçının təqsiri sübut olunmadığından, habelə cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verdiyi səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacların onun mülkiyyətində olan ərazidə yox, yolda quraşdırılmış olmalarını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz onun tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş və sayğaclar çıxarılan zaman müdaxilə əməkdaşlar tərəfindən aşkar olunmamışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının göstəricilərinə əsasən təbii qazın dəyəri düzgün hesablanmadığından, təbii qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar etibarsız hesab edilməli və iddiaçı üçün itirilmiş qaza görə hesablanmış borclar silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Azəriqaz” X1 X3 idarəsinin Astara xidmət sahəsinin rəisi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 29 oktyabr 2020-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin, habelə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat borcu silinsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar