Məhkəmə qərarları › İş №2(018)-1618/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1618/2025

11.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1618/2025 11.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 avqust 2025-ci il tarixdə tərtib edilmiş R № 403151 nömrəli aktın etibarsız hesab edilməsi, R № 403151 nömrəli akta əsasən ona məxsus **********00073 abonent koduna yüklənmiş 617.23 AZN məbləğində borcun silinməsi, 30 manat təşkil edən dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin X1 əməkdaşları tərəfindən ona məxsus olan **********00073 abonent kodlu sayğaca 07 avqust 2025-ci il tarixdə baxış keçirilmişdir və R № 403151 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən ona 617.23 (altı yüz on yeddi manat 23 qəpik) cərimə yazılmışdır. Baxış zamanı çəkilmiş video görüntüdən məlum olur ki, sayğacın üstündə olan qapaq möhürü (1938526) zədələnməmiş və sayğaca gələn elektrik xəttlərinə heç bir müdaxilə olmamışdır. X1 əməkdaşı Nüsrətzadə Nüsrət video çəkiliş zamanı onun sayğaca gələn 0 xətini dövriyyədən kənarlaşdırdığını ifadə edir lakin, bunu sübuta yetirəcək dəlil haqqında məlumat vermir. Həmin əməkdaşın sayğacı yoxlamaq üçün istifadə etdiyi cihazın ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunluğundan söhbət gedə bilməz. Belə ki, o X1 əməkdaşı Nüsrət Nüsrətzadəni yenidən sayğacın yerləşdiyi əraziyə xx.xx.2025-ci il tarixdə dəvət etmişdir. Əməkdaş yenidən xəttlərə baxış keçirtmiş və xətlərdə heç bir problem olmadığını bildirmişdir. Mənşəyi bəlli olmayan cihazla yenidən xətləri yoxlamış va xətlərdə itki olduğunu bildirmişdir. Həmin cihazın sertifikatını ondan tələb edəndə sertifikatın olmadığını bildirmişdir. Nüsrət Nüsrətzadənin bildirdiyinə görə problem sayğacın özündən yaranır, problemin aradan qaldırılması üçün başqa bir şəxsə telefon vasitəsi ilə zəng etmiş və problemin tez bir zamanda aradan qaldırılmasını bildirmişdir. Çəkiliş aparılarkən yoxlayıcı cihazın sertifikatının olmadığı açıq şəkildə görünür. Cavabdeh səbəb olmadan üzərinə yazdığı 617.23 AZN borca görə sayğacı elektrik xəttindən ayırmaqla onu hədələyir. Sayğacı abonentlərə verən qurum "xxxx" ASC-dir, Sayğacı quraşdıranlarda "xxxx" ASC-nin əməkdaşlarıdı. Vətəndaşın Elektrik təchizatı ilə bağlı bütün vasitələrə mudaxilə etməsi qadağandır və bunu bilərək ona heç bir müdaxilə etməmişdir. ASC-nin əməkdaşlarının bildirdiyi kimi sayğacda yaranan itkinin səbəbi quraşdırılmış sayğacın özündən qaynaqlanır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona məxsus **********00073 abonent koduna yüklənmiş 617 AZN məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 07 avqust 2025-ci il tarixli, 403151 nömrəli Aktdan görünür ki, **********00073 nömrəli elektrik sayğacının yoxlama zamanı müəyyən edilmişdir ki, abonent 0 faza xəttini kənarlaşdıraraq elektrik enerjisindən istifadə edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 26 avqust 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçıdan istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına yaranmış 617.00 manat borcun ödənilməsi tələb edilmiş, əks halda xəbərdarlıq edilmədən elektrik enerjisinin verilişinin dayandırılması barədə xəbərdar edilmişdir. İş materillarına əlavə edilmiş videogörüntü və fotoşəkillərdən görünür ki, sayğacın plombu yerindədir, sayğaca hər hansı müdaxilə yoxdur, videogörüntüdə 0 xəttindən danışılsa da, 0 xəttinə dair hər hansı görüntü qeydə alınmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.1 və 7.3-cü bəndlərində qeyd edilir ki, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Qeyd edilən Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Astara rayonu Tüləgüvan kəndində yerləşən **********00073 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvana quraşdırılmış sayğaca baxış zamanı xx.xx.2025-ci il tarixdə elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə 403151 saylı akt tərtib edilmiş, aktda abonentin 0 faza xəttini kənarlaşdıraraq elektrik enerjisindən istifadə etdiyi qeyd edilmişdir. Lakin, işıqdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun da iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tətəfindən İddiaçı **********00073 saylı abunə koduna hesablanmış 617 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar