Məhkəmə qərarları › İş №2(018)-1677/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1677/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1677/2025 11.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “nisyə alqısatqı müqaviləsinə görə verilmiş malların pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “nisyə alqı-satqı müqaviləsinə görə verilmiş malların pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 001057 nömrəli müqavilə üzrə 884 manat pulun və 31 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti göstərən "xxxx" MMC Cavabdeh2 ilə bağlanmış, xx.xx.2024 cü il tarixli, 001057 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti Samsung A25 6 Ram 128 Yaddaş təşkil edir. Müqaviləyə əsasən alıcı 700 manat məbləğində borcu hissə-hissə olaraq 12-ay müddətinə aylıq ödəniş 58 (əlli səkkiz) manat olmaqla hər cari ayın 10 tarixədək "satıcının" hesabına nağd və ya nağdsız qaydada ödəniş edir. Həmçinin ödəniş vaxtı, məbləği və müddəti bu müqaviləyə edilmiş 1-saylı ödəniş cədvəlində əksini tapır. Ödəniş tərəflər arasında mal təhvil-təslim olunduqdan sonra aparılır. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün ümumi borcun 1 faizi həcmində "satıcının" xeyrinə cərimə ödəyir. Müqavilənin 6.1-ci maddəsinə görə "alıcı" bu müqaviləyə və ödəniş cədvəlinə əsasən, əsas öhdəlik üzrə borcun ödənilməsi müddətləri ardıcıl iki dəfə pozulması nəticəsində (öhdəliyi yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə) "satıcı" borcun, ona dəyən zərərin və bununla bağlı çəkilmiş bütün xərclərinin ödənilməsi tələb edə bilər. Zamin borc alanın borc verən və ya satıcı qarşısında xx.xx.2024 cü il tarixli, 001057 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə "borc verən və satıcıya olan kredit, ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borc verən və satıcıya dəyən zərərin (komission, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün "borcalanla" eyni həcmdə məsuliyyət daşıyır (Zamin müqaviləsinin 3.1-ci maddəsi). Qeyd edir ki, alıcı və zaminə xəbərdarlıq məktubu göndərilmiş, 001057 saylı, xx.xx.2024 cü il tarixli nisyə alqı-satqı müqaviləsinə görə hər ay ödənilən 58 (əlli səkkiz) manat ödənişə görə, 345 (üc yüz qırx beş manat 00 qəpik) manat qalıq borcu olmaqla və gecikdirilmiş 77 (yetmiş yeddi gün) üçün hər günə görə ümumi qalıq məbləğinin 1 faizi həcmində 7 (yeddi manat) olmaqla 539-20 (beş yüz otuz doqquz man 00 qəpik) manat cərimə xx.xx.2025 ci il tarixinə qədər cəmi 884 (səkkiz yüz səksən dörd 00 qəpik) manat ödəniş edilməsinə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubu borclu və zaminə göndərilsədə, onlar tərəfindən indiyə kimi heç bir ödəniş edilməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli, 001057 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Qədimov X3 A25 6 Ram 128 Yaddaşlıq mobil telefonu hissə-hissə olaraq 12-ay müddətinə aylıq ödəniş 59 (əlli doqquz) manat olmaqla hər cari ayın 10 tarixədək "satıcının" hesabına nağd və ya nağdsız qaydada ödəniş etməklə 700 manata "xxxx" MMC-dən almışdır. İş materiallarında olan, 01 noyabr 2024-cü il tarixli, 001057 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 noyabr 2024-cü il tarixli, 001057 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan, 01 noyabr 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 12 ay müddətinə hər ay 59 manat, sonuncu ay 51 manat olmaqla 700 manat məbləğində pulu ödəməlidir. İş materiallarında olan, 01 noyabr 2024-cü il tarixli malın təhvil-təslim aktından görünür ki, cavabdeh Qədimov X3 A25 6 Ram 128 Yaddaşlıq mobil telefonu "xxxx" MMCdən təhvil almışdır. İş materiallarında olan, bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir. İş materiallarında olan, 11 noyabr 2025-ci il tarixli, Maliyyə arayışdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 noyabr 2024-cü il tarixli, 001057 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" MMC-yə 345 manat əsas, 539 manat cərimə borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31 manat dövlət rüsumu ödəmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 567.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdi ki, Qədimov X3 A25 6 Ram 128 Yaddaşlıq mobil telefonu hissə-hissə olaraq 12-ay müddətinə aylıq ödəniş 59 (əlli doqquz) manat olmaqla hər cari ayın 10 tarixədək "satıcının" hesabına nağd və ya nağdsız qaydada ödəniş etməklə 700 manata "xxxx" MMC-dən almışdır. Zamin Cavabdeh1 "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 noyabr 2024-cü il tarixli, 001057 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Zamin Cavabdeh1 isə alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat vermişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehlər, onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi 539 manat məbləğində dəbbə pulu silinərək 30 (otuz) manat həddində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 345 (üç yüz qırx beş) manat məbləğində pul və 30 (otuz) manat cərimə borcu olmaqla cəmi 375 (üç yüz yetmiş) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar