Məhkəmə qərarları › İş №2(018)-179/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-179/2023

28.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-179/2023 28.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (anası) X2, Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qınciəli qızına və Astara Notariat Ofisinə qarşı “Bağışlanma müqavbiləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qınciəli qızına və Astara Notariat Ofisinə qarşı “Bağışlanma müqavbiləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə ümumi birgə mülkiyyətlərində olan, Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin Cavabdeh2 Qınciəli qızının adına özgəniləşdirilməsi barədə olan bağışlanma müqavbiləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Cavabdeh1 ilə 2016-cı il tarixdə faktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 28 iyul 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 06 sentyabr 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh1 ilə birgə yaşadıqları dövrdə atası X7, anası X2 və onun mülkiyyətində olan Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin 0,10 hektar hissəsini fərdi yaşayış evi tikməkdən ötrü onlara vermişlər. Həmin 0,10 hektar həyətyanı torpaq sahəsinin sənədləşdirmək üçün onlarla Cavabdeh1 arasında 10 noyabr 2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 pul alınmamışdır. Onlar 2017-ci il tarixdə valideyinlərinin köməkliyi ilə həmin 0,10 hektar torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Cavabdeh1 təqsirindən ailələri dağılmışdır. Nikahları Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(018)-368/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh1 bundan sonra 0,10 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin 01 aprel 2022-ci il tarixli, reyestrdə 4Ə-206 nömrə ilə qeyd edilmiş bağışlanma müqavbiləsinə əsasən anası Cavabdeh2 Qınciəli qızına bağışlamışdır. Buna isə onun razılığı olmamışdır. Bütün bunlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və verdiyi izahatında bildirdi ki, o, Cavabdeh1 İddiaçı və onun valideyinlərinin mülkiyyətində olan Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin 0,10 hektar hissəsini 10 noyabr 2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 1000 (bir min) manat pul verməklə almışdır. Bu barədə reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 noyabr 2016-cı il olan Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda almışdır. Bundan sonra isə 2017-ci ilin mart ayında həmin 0,10 hektar həyətyanı torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Həmin evin tikintisi 2017-ci ilin may ayında başa çatmışdır. O, İddiaçı ilə 28 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların arasında olan nikah isə Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(018)-368/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh1 Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsini əldə edərkən və həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa edərkən İddiaçı ilə rəsmi nikah münasibətlərində olmamışlar. Bütün bunlara əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh2 Qınciəli qızı, Astara Notariat ofisinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci və 185.6-cı maddəsinə əsasən hazırki mülki işə digər cavabdehin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin baxılmasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasında şəxsiyyət vəsiqsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1995-ci il tarixdə anadan olmuşdur və 06 sentyabr 2018-ci il təvəllüdlü X3 ilə birlikdə Astara rayon Ərcivan qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********08-10801, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 24 sentyabr 2016-cı il olan Çıxarışdan məlum olur ki, X7, X2 və İddiaçı ümumi, birgə mülkiyyətlərində Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş 10 noyabr 2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən məlum olur ki, Cavabdeh1 X7, X2 və İddiaçı ümumi, birgə mülkiyyətlərində Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin 0,10 hektar hissəsini 1000 (bir min) manat pul verməklə almışdır. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(018)-368/2022 saylı qətnaməsi məlum olur ki, Cavabdeh1 ilə X5 arasında 28 iyul 2017ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində130 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Mülki işə əlavə edilmiş reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 noyabr 2016-cı il olan Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan məlum olur ki, Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi tam olaraq Cavabdeh1 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş 01 aprel 2022-ci il tarixli, reyestrdə 4Ə-206 nömrə ilə qeyd edilmiş bağışlanma müqaviləsindən məlum olur ki, Cavabdeh1 mülkiyyətində olan Astara rayon Ərcivan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 noyabr 2016-cı il olan Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda qeyd edilən 0,10 hektar həyətyanı torpaq sahəsini Cavabdeh2 Qınciəli qızına bağışlamışdır. Beləliklə məhkəmə iclasında məlum oldu ki, Cavabdeh1 10 noyabr 2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X7, X2 və İddiaçı ümumi, birgə mülkiyyətlərində Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin 0,10 hektar hissəsini 1000 (bir min) manat pul verməklə almışdır. Bu barədə onun adına reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 noyabr 2016-cı il olan Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. Sonra İddiaçı ilə Cavabdeh1 28 iyul 2017-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində130 nömrəli akt qeydi ilə rəsmi ləşdirməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(018)-368/2022 saylı qətnaməsinə əsasən Cavabdeh1 ilə X5 arasında 28 iyul 2017-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Cavabdeh1 almış olduğu və mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsini 01 aprel 2022-ci il tarixli, reyestrdə 4Ə-206 nömrə ilə qeyd edilmiş bağışlanma müqaviləsin Cavabdeh2 Qınciəli qızına bağışlamışdır. Göründüyü kimi Cavabdeh1 mübahisəli torpaq sahəsini əldə edərkən İddiaçı ilə birgə nikahda olmamışlar. Ona görə də iddiaçının həmin 0,10 hektar həyətyanı torpaq sahəsinə heç bir hüququ yaranmamışdır. mülkiyyət hüquqlarının tanınması üçün heç bir əsas yoxdur. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

5. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə ülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə görə, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələblərinə görə,ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qınciəli qızına və Astara Notariat Ofisinə qarşı “Bağışlanma müqavbiləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası əsassız olmasına görə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar