Məhkəmə qərarları › İş №2(018)-183/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-183/2024

01.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-183/2024 01.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, o, 1995-ci ildə X6 ilə faktiki nikah münasibətinə girməklə ailə qurmuş. Bu nikahdan 2 uşaqları olmuşdur. Uşaqlardan biri, 14 oktyabr 1996-cı il təvəllüdlü X4 anadangəlmə ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntu xəstəliyindən əziyyət çəkir, başqa şəxsin qulluğuna daimi ehtiyacı vardır. Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsindən İİ qrup əlilliyə görə müddətsiz hər ay ümumilikdə 220 manat müavinat alır. Ona görə də 14 oktyabr 1996-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bu məsələni isə məhkəmədən kənar həll etmək mümkün deyil.14 oktyabr 1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 2537 № arayışından görünür ki, X1 rayon Vaqo kəndində yaşayır. İş materiallarında olan Psixi Sağlamlıq Mərkəzinin arayışından görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Astara rayon Vaqo kənd sakini X1 rayon X2 şöbəsinin ruhi-əsəb kabinetində “Ağır ifadə olunan əqli gerilik, daim nəzarət və qulluq tələb edən davranış pozuntusu ilə” diaqnozu ilə dispanser qeydiyyatda durur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 28 fevral 2024-cü il tarixli 540 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görədə X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 28 fevral 2024-cü il tarixli 540 saylı rəyini nəzərə alaraq, məhkəmə 14 oktyabr 1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 oktyabr 1996-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar