Məhkəmə qərarları › İş №2(018)-217/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-217/2024

02.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-217/2024 02.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Astara rayon notariat ofisinə qarşı «Mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Astara rayon notariat ofisinə qarşı «Mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması tələbi barədə» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Astara rayon notariat ofisinin 07 dekabr 2023-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarın ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxılmasına görə uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək göstərdi ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Astara rayonunda anadan olmaqla, valideyinlərinə məxsus Astara şəhərində yerləşən evdə yaşamışdır. İddiaçı anası X5 06 may 1993-cü il tarixdə ölmüşdür. İddiaçı anası X1 qalan yeganə vərəsidir. İddiaçı atası X7 11 yanvar 1921-ci tarixdə, qardaşı X6 isə 02 yanvar 1921-ci il tarixdə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” olan arayışa əsasən anası X4 mülkiyyətində Astara şəhəri Heydər Əliyev prospektində 0,0445 hektar torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsini adına rəsmiləşdirməsi üçün 07 iyun 2023-cü il tarixdə Astara rayon notariat ofisinə müraciət etmişdir. Astara rayon notariat ofisinin notarisunun 07 dekabr 2023-cü il tarixli qərarına əsasən notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Belə ki, İddiaçı hüquqi savadı olmamasına görə və özünün xəstə olmasına görə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxılmışdır. Ona görə də 20 dekabr 2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etməklə, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Astara rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Astara rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə anadan olmaqla, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Sabir küçəsi ev 12 mənzil 2-də yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə” nin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Astara şəhərində anadan olmaqla, onun atası kimi X7, anası kimi isə X5 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayonu Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, X7 ilə X5 arasında nikah 10 avqust 1959-cu ildə 51 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”lərnin surətindən məlum olur ki, X7 11 yanvar 1921-ci tarixdə, X6 isə 02 yanvar 1921-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Astara rayonu Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, məlum olur ki, X5 06 may 1993-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Astara rayon İcra hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayədəsinin 21 fevral 2023-cü il tarixli arayışından məlum olur ki, X5 öldükdən sonra ona məxsus olan evdə İddiaçı yaşamışdır. X4 çıxıb gedən, başqa vərəsələri olmamışdır. Mülki işə əlavə edilmiş Astara şəhər Bələdiyyəsinin 15 dekabr 2023-cü il tarixli 1-206 nömrəli arayışından məlum olur ki, X4 istifadəsində olmuş, Astara şəhəri Heydər Əliyev prospektində yerləşən 0,0445 hektar torpaq sahəsi X5 öldükdən sonra onun qızı İddiaçı istifadəsindədir. Mülki işə əlavə edilmiş Astara rayon notariat ofisinin notarisunun 07 dekabr 2023-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarından məlum olur ki, 06 may 1993-cü il tarixdə ölmüş X3 miras qalmış Astara şəhəri Heydər Əliyev prospektində yerləşən 0,0445 hektar torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” olan arayışından məlum olur ki, X4 mülkiyyətində Astara şəhəri Heydər Əliyev prospektində yerləşən 0,0445 hektar torpaq sahəsi vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 06 may 1993-cü il tarixdə ölmüş X3 miras qalmış Astara şəhəri Heydər Əliyev prospektində yerləşən 0,0445 hektar torpaq sahəsinə, mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişdir. Hazırda İddiaçı cavabdeh Astara rayon notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X3 miras qalmış əmlakı vərəsəsi tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası təmamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X2 miras qalmış əmlakları miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq Məhkəmə qət etdi: İddia təmin edilsin. X2 miras qalmış Astara şəhəri Heydər Əliyev prospektində yerləşən 0,0445 hektar torpaq sahəsinə, miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Astara rayon notariat ofisinin notarisunun 07 dekabr 2023-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarı ləğv edilsin. Qətnamə qeyd edilən miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar