Məhkəmə qərarları › İş №2(018)-240/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-240/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-240/2023 20.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 2520 (iki min beş yüz iyirmi) manat ödənilməmiş hissə və 45,20 manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 24 fevral 2022-ci il, 24 fevral 2022-ci il tarixli müqavilələrinə əsasən Samsung Soyuducu, İMEİ Kodu **********83825 «Samsung Galaxy A32» marakalı telefon almış, nəticədə 2520 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24 fevral 2022-ci il tarixli müqaviləyə əsasən qiyməti 1499,22 manat olan Samsung Soyuducunun dəyərini 18 ay müddətinə, hər ay 83,29 manat olmaqla, 24 fevral 2021-ci il tarixli müqaviləyə əsasən qiyməti 794,10 olan İMEİ Kodu **********83825 «Samsung Galaxy A32» dəyərini 12 ay müddətinə, ilkin ödəniş 2,1 manat olmaqla, hər ay 66 manat ödəniş etməklə öhdəlik götürmüşdür. Lakin, Cavabdeh cəmi 2,1 manat ödəniş etmişdir və nəticədə onun 2520 manat borcu yaranmışdır. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli müqaviləsinə Samsung Soyuducu almışdır. Həmin müqavilənin şərtlərinə əsasən hər ay kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********83825 «Samsung Galaxy A32» mobil telefon almışdır. Həmin müqavilənin şərtlərinə əsasən hər ay kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 2291,22 (iki min iki yüz doxsan bir manat, iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 228,78 (iki yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat cərimə borcu vardır.

4. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 45,20 (qırx beş manat, iyirmi qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 228,78 manat cərimə borcu azaldılaraq 20 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45,20 (qırx beş manat, iyirmi qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdeh ümumilikdə 2291,22 (iki min iki yüz doxsan bir manat, iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, 45,20 (qırx beş manat, iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2356,42 (iki min üç yüz əlli altı manat, qırx iki qəpik) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.

2. İddia qalan hissədə təmin olunmasın.

3. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar