Məhkəmə qərarları › İş №2(018)-310/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-310/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-310/2023 02.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi Cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X4 iştiraklı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Astara Elektrik şəbəkəsinin 20 dekabr 2022-ci il tarixli, R №280716 nömrəli aktın ləğv edilməsinə və həmin akta görə 711 (yeddi yüz on bir) manat, 92 (doxsan iki) qəpik cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayonu, Siyəkü kəndində yaşayır. X3 etdiyini və bu vaxta qədər X3 qaydalarına həmişə əməl etmiş, elektrik sərfiyyatı üzrə ödənişlərinin ödənilməsi vaxtında təmin etdiyini bildirmişdir. "xxxx" ASC-nin 20 dekabr 2022-ci il tarixli, 280716 nömrəli aktına əsasən guya X3 Qaydalarına uyğun olaraq abonentin elektrik hesabat sayğacına baxış keçirtdikləri zaman məlum olmuşdur ki, abonentə məxsus həyətində köhnə evin arxa tərəfində qırmaq vasitəsi ilə kənar xətdən istifadə edir. Qeyd etmişdir ki, elektrik xəttin keçdiyi ərazi ona məxsus olmağı, qırmaq vasitəsilə kənar xətdən istifadə etdiyi təsdiq etmir. Həyətin ona məxsus olmağı ilə bağlı sənədlərlə təsdiq edilmir və bunlara dair aktdada mötəbər sübuta istinad edilməmişdir. Akt tərib edilən tarixdə yəni 20 dekabr 2022-ci il tarixdə o, Gəncə şəhərində yerləşən Azəbaycan Texnologiya Universitetində təhsil aldığı üçün Gəncə şəhərində olmuş, həmin vaxt "xxxx" ASC-nin qaynar xəttinə zəng etmiş və orada olmadığı halda kənar xətdən istifadənin mümkünsüz olduğunu bildirmişdir. Aktın surəti təqdim edilməmiş, işıqı kəsəndən sonra müraciətləri əsasında aktın və bildirişin surətini təqdim etmişlər. Sənədlərin surətlərini möhürlə təsdiq edilməsini tələb etsə də, işıq idarəsindən ona Məhkəmə sənədləri istəsə möhürlü sənədləri göndərəcəklərini bildirmişlər. Həmçinin aktda istehlakçı X5 yazılsa da, "xxxx" ASC-nin bildirişində onun adı, soyadı, atasının adı yəni İddiaçı yazılmışdır. Akta görə pozuntunu, məişət abonenti İddiaçı törədibsə, cəriməyə dair bildirişin adına yazılması əsasları məlum olmamışdır. Pozuntu iddiaçı tərəfindən törədilibsə, aktın iddiaçının adına yazılmaması səbəbləri məlum deyil, akta görə aktın tərtibində X5 iştirak etmiş, X5 tərəfindən imza etməməsi səbəbləri aktda göstərilməmiş və izahatı alınmamışdır. İddiaçı ərizədə qeyd etmişdir ki, atası X2 aktın tərtibində iştirakı qeyd edilsə də, atası X5 aktın tərtibində iştirak etməmiş və aktda iştirakçı kimi atası X2 yazılması əsasları ona məlum olmamışdır. Bunları təsdiq edən sübutlarda yoxdur. Odur ki. cavabdeh "xxxx" ASC-nin Astara Elektrik şəbəkəsinin 20 dekabr 2022-ci il tarixli, R №280716 nömrəli aktın ləğv edilməsinə və həmin akta görə 711 (yeddi yüz on bir) manat, 92 (doxsan iki) qəpik cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X10 Cəmiyyətinin Astara Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirərək iddiaçıya məxsus sayğacdan kənar elektrik xəttinin çəkilməsini müəyyən edilmişdir və bunun sübutu olaraq video görüntülərdə vardır. Nəticədə iddiaçıya 711 (yeddi yüz on bir) manat, 92 (doxsan iki) qəpik manat məbləğində borc hesablanmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X4 izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2002-ci il tarixdə anadan olmuşdur, Astara rayonu, Siyəkü kəndində yaşayır. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin, Astara Elektrik şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış 20 dekabr 2022-ci il tarixli, R №280716 saylı aktdan görünür ki, X1nun abonentin elektrik hesabat sayğacına baxış keçirtdikləri zaman məlum olmuşdur ki, abonentə məxsus həyətində köhnə evin arxa tərəfində qırmaq vasitəsi ilə kənar xətdən istifadə edir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus həyətində köhnə evin arxa tərəfində qırmaq vasitəsi ilə kənar xətdən istifadə etmişdir. Buna görə də 20 dekabr 2022-ci il tarixli, R №280716 saylı akt tərtib olunmuşdur. Nəticədə 711 (yeddi yüz on bir) manat, 92 (doxsan iki) qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli, R №280716 saylı aktdan da görünür ki, aktlar "xxxx" ASC-nin nümayəndələrinin iştirakları ilə tərtib edilmişdir. X1 aktı imzalamaqdan imtina etmişlər. Ona görə də, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar