Məhkəmə qərarları › İş №2(018)-350/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-350/2025

06.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-350/2025 06.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, Astara rayon Notariat kontoru üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı, Astara rayon Notariat kontoru üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixində Astara rayon notariat kontorunda onunla, Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1937-ci ildə Astara rayonun Vaqo kəndində anadan olmuş, ailəlidir, təqaüdçüdür. xx.xx.2007-ci il tarixində uzaq qohumu ona bildirmişdir ki, ünvanlı sosial yardım almaq məqsədi ilə mülkiyyətində olan DƏDRX-nin 10 saylı Lənkəran şəhər şöbəsində **********31-10301 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin bir hissəsini ona versin. O da cavabdehin maddi durumunu nəzərə alıb, buna razılıq vermişdir. Zaman keçdikdən sonra başa düşmüşdür ki, bu şəxs onu aldatmış, əslində bu yolla onun mülkiyyətinin 0.6 ha torpaq sahəsini mənimsəməyə nail olmuş, sonralar həmin torpaq sahəsini bacısı nəvəsi olan X6 vermişdir. İndi bu Şəhla xanım onun başına böyük bir bəla olmuş, onu məhkəməyə verməklə həmin torpaq sahəsindən özünə maşın yolu açmaq istəyir. O bir neçə dəfə Şərafətə bildirmişdir ki, bu cür aldanılmağına görə artıq səhhətində problem yaranıb, odur ki, xx.xx.2007-ci il tarixində Astara şəhəri Notariat Kontorunda bağlanmış müqaviləni ləğv etsin, lakin, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmiş və onu hədələyir. Halbuki onun 5 övladı var. Cavabdeh könüllü olaraq həmin müqavilənin ləğvinə razı olmadığından, o bu haqda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Halbuki, o müqavilə bağlayan zaman savadsız olduğundan, bəzi hallardan bixəbər olmuşdur. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı Astara Rayon Məhkəməsində iddia qaldıraraq torpaq sahəsinin bir hissəsinin ona bağışlanması haqqında xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh olaraq hesab edir ki, iddia ərizəsindən və eləcə də əlavə edilmiş sənədlərin siyahısından görünür ki, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Bağışlama müqaviləsi qanunla tələb edilən tərzdə, müvafiq sənədlər əsasında notarial qaydada aparılmışdır. İddia ərizəsinin məzmununda yazılanlar isə yalnız fikir və mülahizələrdən ibarətdir. Bundan başqa daşınmaz əmlakla bağlı bağışlama müqaviləsinin mübahisələndirilməsi üçün (etibarsızlıqla bağlı 1 il olmaqla) qanunvericilikdə 6 illik iddia müddəti nəzərdə tutulmuşdur. Ümumi iddia müddəti isə 10 il müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən hazırki tələblə çıxış etmək üçün həm xüsusi iddia müddəti, həm də ümumi iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddəti tətbiq etməklə iş üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Astara rayon Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin etiraz ərizəsinin və iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1937-ci ildə Astara rayonu Vaqo kəndində anadan olmaqla həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nin Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 dekabr 2024-cü il tarixli 1334 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yaşayır. İş materiallarına əlavə edilmiş, 10 dekabr 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin Lənkəran Şəhər Ərazi İdarəsi tərəfindən 12 iyul 2007-ci ildə 1 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınan, Reyestr nömrəsi **********31-10301, Qeydiyyat nömrəsi – ********* olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH №0003339 saylı Çıxarışa və 17 iyul 2007-ci il tarixli 22/2-1673 № li arayışa əsasən ona məxsus olan, Astara rayonu Vaqo kəndində evinin yerləşdiyi 0.20 hektar həyətyanı torpaq sahəsindən şimal tərəfdən 0.06 hektar torpaq sahəsini qohumu Cavabdeh bağışlamışdır. İş materiallarına əlavə edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Astara rayonu Vaqo kəndində yerləşən 0.20 hektar torpaq sahəsinin 0.06 hektar torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə X5, 0.14 hektar torpaq sahəsi isə xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə İddiaçı paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsi əsasında ona məxsus olan, Astara rayonu Vaqo kəndində evinin yerləşdiyi 0.20 hektar həyətyanı torpaq sahəsindən şimal tərəfdən 0.06 hektar torpaq sahəsini qohumu Cavabdeh bağışlamışdır. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir, həmçinin iddiaçı tərəfindən iddia qaldırılması üçün müddət ötürülmüşdür. Belə ki, sadalanan qanunvericilik normalarından da göründüyü kimi, bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun formada bağlanılmış, mübahisə predmeti olan torpaq sahəsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Həmçinin, iş üzrə müəyyən olunmuşdur ki, iddiaçı öz sərbəst iradəsini ifadə edərək mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin bağışlanmasına dair razılıq vermiş, müqavilənin formal xarakter daşıması, yaxud əqd bağlanması məqsədilə aldadılmasına dair öz dəlillərini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının dediyi kimi cavabdehin sosial yardım alması üçün torpağın bir hissəsinin ona bağışlanmasını istəməsində aldadılmanın nədən ibarət olduğu, əqdin bu fakt olmadan bağlana bilməyəcəyinin nədən ibarət olması sübuta yetirilə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlərlə bağlı etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Beləliklə, hazırki bağışlama müqaviləsi 2007-ci ildə bağlanıldığından, iddiaçının nümayəndəsi məhkəmə iclasında aldadıldıqlarını iddia etdiyi halların onlara 2020-ci ildən məlum olduğunu etiraf etdiyindən məhkəmə hesab edir ki, bir illik kəsici müddət tətbiq edilməklə iddiaçının əqdi mübahisələndirmək imkanını itirdiyi hesab olunmalı, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı, Astara rayon Notariat Kontoru üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar